“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib
Paylaş:
25 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
Seminarın məqsədi gənclər arasında gender əsaslı zorakılıqla bağlı məlumatlılığı artırmaq, onun qarşısının alınması yolları, zərərçəkmiş şəxslərin hüquqları və müdafiə mexanizmləri barədə bilikləri genişləndirmək olub.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək zorakılığın ailə institutuna, ailədaxili münasibətlərə və uşaqların sağlam inkişafına mənfi təsirlərindən bəhs edib. O, zorakılığın qarşısının alınmasında təhsilin, maarifləndirmənin və fərdi inkişafın əhəmiyyətini vurğulayıb.
Sədr müavini gender əsaslı zorakılıqla mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, bu istiqamətdə qəbul olunan normativ-hüquqi sənədlər, institusional mexanizmlər, maarifləndirmə təşəbbüsləri, eləcə də zorakılıq qurbanlarının müdafiəsi və onlara dəstək xidmətlərinin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, gənclərin milli-mənəvi dəyərlərin qorunması və zorakılığa qarşı mübarizədə fəal mövqeyinin vacibliyini qeyd edib.
Ekspert Abel Bayramovun təqdimatı ilə keçirilən seminarda gender əsaslı zorakılığın mahiyyəti, növləri və təzahür formaları, zorakılığın qarşısının alınması və onunla mübarizə mexanizmləri, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və müvafiq dəstək xidmətlərinə yönləndirilməsi qaydaları barədə məlumat verilib. Həmçinin bu sahədə milli qanunvericiliyin və beynəlxalq hüquqi sənədlərin tələbləri diqqətə çatdırılıb.
Mövzu real həyat nümunələri və interaktiv müzakirələr əsasında izah olunub, iştirakçıların zorakılıq hallarını müəyyən etmək, düzgün qiymətləndirmək və belə hallara adekvat yanaşmaq bacarıqlarının artırılmasına diqqət yetirilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Seminarda ümumilikdə 70 tələbə, o cümlədən “Qızların təhsilinə dəstək” layihəsinin iştirakçısı olan tələbə qızlar iştirak ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi