Gender bərabərliyinin təmin olunmasında işəgötürənlərin rolu və sosial dialoqun əhəmiyyəti müzakirə edilib
Paylaş:
17 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), eləcə də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi ilə əməkdaşlığı çərçivəsində “Gender bərabərliyinin təmin olunması: işəgötürənlərin rolu və məsuliyyəti” mövzusunda onlayn maarifləndirici görüş keçirilib.
Tədbirin məqsədi dövlət qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının üzvlərinin, eləcə də özəl təşkilatların insan resursları üzrə nümayəndələrinin əmək münasibətlərində gender bərabərliyi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və cinsi qısnamanın qarşısının alınması, bərabər əməkhaqqı prinsipi və işəgötürənlərin bu sahədə vəzifələri barədə məlumatlılığının artırılması olub.
Görüşün moderatoru, AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdir müavini Gülnarə Hüseynova gender bərabərliyi sahəsində qanunvericiliklə müəyyən edilmiş təminatlardan və Konfederasiyanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərdən danışaraq sözü məruzəçilərə verib.
Məruzə ilə çıxış edən Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev təhsil sistemində gender bərabərliyinin mövcud vəziyyətindən danışıb. O, qadınların təhsilə çıxış imkanlarında üstün mövqedə olmasına baxmayaraq, əmək bazarında və gəlir bölgüsündə eyni səviyyədə təmsil olunmadıqlarını bildirib. Qeyd edib ki, problemin əsas səbəblərindən biri təhsilə çıxış imkanlarının məhdudluğu deyil, əmək bazarında gender seqreqasiyası və qadınlarla kişilər arasında gəlir fərqləridir.
AHİK-in İnsan resursları şöbəsinin müdiri Bənövşə Babayeva əmək münasibətlərində gender bərabərliyinin təmin olunmasında həmkarlar ittifaqlarının roluna toxunub. O, eyni və bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsinin vacibliyini vurğulayaraq, dövlət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial tərəfdaşlığın və dialoqun gücləndirilməsinin əmək hüquqlarının, o cümlədən bərabər ödəniş hüququnun effektiv müdafiəsinə xidmət etdiyini bildirib.
Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə ekspert Abil Bayramov iş yerlərində ayrı-seçkiliyin və cinsi qısnamanın qarşısının alınması üzrə hüquqi təminatlardan və preventiv mexanizmlərdən bəhs edib. O, işəgötürənlərin bu sahədə qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə diqqət çəkərək, davranış qaydalarının müəyyənləşdirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, rəhbərliyin məsuliyyətinin artırılması, təhlükəsiz şikayət kanallarının yaradılması, qərəzsiz araşdırma və nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib. Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq müddəaları diqqətə çatdırıb.
Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov iş mühitində qadın və kişilərin təmsilçiliyində mövcud vəziyyət, ayrı-seçkilik halları, eləcə də beynəlxalq və milli qanunvericilikdə gender bərabərliyi ilə bağlı müddəalar barədə məlumat verib. O, ailə öhdəlikləri olan işçilərin hüquqlarının müdafiəsi, ailə və iş həyatının uzlaşdırılması üçün dəstəkləyici yanaşmaların əhəmiyyətini vurğulayıb. Eyni zamanda, ailə dəyərlərinin qorunması, Azərbaycan ailə modelinin təşviqi, təhlükəsiz iş mühitinin yaradılması və qadınlarla kişilərin bərabər təmsilçiliyinin inklüziv cəmiyyətin formalaşmasında rolunu qeyd edib. Müxtəlif sahələrdə, o cümlədən rəhbər vəzifələrdə, bələdiyyələrdə və dövlət qulluğunda qadınların təmsilçiliyinin artmasına diqqət çəkib.
Görüş iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrlə davam edib.
Qeyd edək ki, görüş Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planının 8.3.5-ci bəndinin (iş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması üzrə maarifləndirmə işinin aparılması) icrası məqsədilə təşkil olunub. Tədbirdə dövlət və özəl təşkilatlarda fəaliyyət göstərən həmkarlar ittifaqlarının üzvləri, eləcə də özəl təşkilatların insan resursları üzrə nümayəndələri olmaqla, ümumilikdə 150-yə yaxın şəxs iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi