“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilmişdir

15 oktyabr 2024 14:08

Paylaş:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il tarixli, 10 oktyabr 452 nömrəli qərarı ilə AR Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilmişdir.

Sözügedən dəyişikliklərdə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirməni həyata keçirən orqanların (qurumların) siyahısına Dini Qurumlar üzrə Dövlət Komitəsinin əlavə olunması və yerli icra hakimiyyəti orqanlarının vəzifələrinin genişləndirilməsi öz əksini tapmışdır.

Belə ki, Qaydanın əvvəlki mətnində yerli icra hakimiyyəti orqanlarının vəzifələri məhdud formada nəzərdə tutulmuş, yerli icra hakimiyyəti orqanları icra nümayəndəlikləri vasitəsi ilə yalnız nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gəncləri maarifləndirirdi. Bu səbəbdən yerlərdə erkən və qohum nikahların qarşısının alınması üçün bu orqanların daha geniş şəklidə fəaliyyət göstərməsi zərurəti yaranmışdır.

Həmçinin Qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün aşağıdakı yeni funksiyaları öz əksini tapmışdır:

1.Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;

2. dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir

Qaydaya əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq sahədə görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edilir.

Məlumatları aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi internet saytlarından əldə edə bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilməsi haqqında