“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” mövzusunda maarifləndirici görüş keçirilib

21 may 2024 11:50

Paylaş:

21 may 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə maarifləndirici görüş keçirilib. ADU-nun Tərcümə fakültəsi tələbələrinin iştirakı ilə keçirilən görüşdə dekan Bənövşə Məmmədova, Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova və baş məsləhətçisi Səmra Əliyeva iştirak edib.

Tədbiri giriş sözü ilə açan B.Məmmədova universitetdə mütəmadi olaraq cəmiyyətdə mövcud problemlər, ailələri narahat edən məsələlər, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində maarifləndirici görüşlərin keçirildiyini qeyd edib və bu mövzularda tələbələrlə aparılan müzakirələrin nəticələrindən bəhs edib.

Çıxışı zamanı ailə və nikahın əhəmiyyətini vurğulayan Komitənin şöbə müdiri Gülnarə Məmmədova, gənclərin ailə həyatına öncədən hazırlığının və gənc yaşlarından müxtəlif vacib mövzular ətrafında məlumatlandırılmasının vacibliyindən danışıb. Gənclərin ailə barədə düşüncələrinin formalaşması üçün özlərinin də öncədən müsbət psixoloji mühitdə yaşamasının, böyüməsinin və formalaşmasının önəmli olduğunu qeyd edən G.Məmmədova, eyni zamanda bildirib ki, Azərbaycan ailəsinə xas milli-mənəvi və ailə dəyərlərinin bu gün gənclər tərəfindən düzgün təbliğ olunması, yaşadılması olduqca əhəmiyyətlidir.

Daha sonra Komitə əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edərək görüş iştirakçılarına erkən nikah və qohum nikahlarının səbəbləri, onların yaratdığı fəsadlar, eləcə də cəmiyyətin, dövlətin sağlam gələcəyi naminə bu problemlərlə mübarizə aparmağın vacibliyi barədə məlumat verib.

Görüşdə ailə və erkən nikahla bağlı sosial video-çarxlar nümayiş etdirilib, tələbələrə ailə məsələləri ilə bağlı şüarların yazıldığı eko-qolbaqlar paylanılıb.