Gəncə şəhərində maarifləndirici tədbir keçirilib.

5 fevral 2026 17:21

Paylaş:

 

5 fevral 2026-cı il tarixində Gəncə şəhər 2 saylı “ASAN xidmət” mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasında gender (kişi və qadınlarınbərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün uşaqlara qarşı zorakılıq və erkən evlilik mövzusunda maarifləndirici tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Gəncə şəhər 2 saylı “ASAN xidmət” mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Səyyarə Hüseynzadətədbirin məqsədi, gənclərin hüquqi baxımdan maarifləndirilməsinin əhəmiyyəti və bu sahədə vətəndaş məsuliyyəti barədə danışıb.

Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, zorakılığın növləri, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti, mövcud qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova uşaqlara erkən evliliyin uşaqların fiziki və psixoloji sağlamlığına, təhsilinə və gələcək həyatına mənfi təsirlərindən bəhs edib.

Gəncə şəhər 1-ci Polis Şöbəsinin baş inspektoru, polis mayoru Sənan Verdiyev də öz çıxışında hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə görülən profilaktik tədbirlər, hüquqi məsuliyyət və mövcud cəza mexanizmləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Tədbir zamanı Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gəncə şəhər nümayəndələri də bu sahədə öz fəaliyyətlərindən danışıblar.

Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb. Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.