“Gənc qızların təhsilinə dəstək” layihəsinin məzun günü qeyd olundu

23 iyun 2025 17:04

Paylaş:

23 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü keçirilib.

Tədbir 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib. Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Məzun günü layihəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra açılış nitqləri dinlənilib.

Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, belə faydalı təşəbbüslərin formalaşması və reallaşmasında hər zaman öndə olan, Azərbaycan gəncliyinə, onların təhsilinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Fondunun, xüsusilə də Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinə dərin hörmət və ehtiramını ifadə edib.

B.Muradova layihənin yaranma tarixi və əhəmiyyəti haqqında danışıb, “Gənc Qızların Təhsilinə Dəstək” təşəbbüsünün yalnız sosial proqram deyil, eyni zamanda maarifçilik ideallarının müasir davamı olduğunu qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi təhsil almaq istəyən, lakin sosial və maddi çətinliklərlə üzləşən qızlara dəstək göstərmək, onların gələcəyinə inam yaratmaq və cəmiyyətə faydalı fərd kimi formalaşmalarına imkan yaratmaqdır.

B.Muradova, layihənin 2021-ci ildə Hacı Zeynalabdin Tağıyevin ilk qızlar məktəbinin 120 illiyi münasibətilə başladıldığını və qısa zamanda geniş ictimai dəstək qazandığını vurğulayıb. Əlavə edib ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı ilə layihə daha da inkişaf etdirilərək müxtəlif proqramlar vasitəsilə yüzlərlə gənc qızın həyatına müsbət təsir göstərib.

Dövlət Komitəsinin sədri, təhsilli qadının sabit ailənin təməli, eyni zamanda güclü cəmiyyətin və iqtisadi inkişafın da əsas dayaqlarından olduğunu bildirib. O, məzunları Hacı Zeynalabdin Tağıyev və Hənifə Məlikova kimi maarifpərvər şəxslərin ideallarının daşıyıcıları və gələcəyin qurucuları adlandırıb: “Ən əsası isə heç zaman unutmayacaqsınız ki, siz Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müasir Azərbaycan dövlətinin varlığı, onun layiqli varisi İlham Əliyevin xalqımıza qazandırdığı böyük Zəfərdən doğan qüruru, eləcə də dəyərli Birinci vitse-prezident Mehriban xanımın cəmiyyətin imkanlarının gəncliyin hərtərəfli inkişafına yönəldilməsi sahəsindəki yorulmaz səylərinin ortaya qoyduğu dəyəri təmsil edirsiniz”.

B.Muradova “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” proqramının məzunu olan şəhid xanımlarını da xüsusi ehtiramla qeyd edib, onların bu uğurunu əzm və iradələrinin təntənəsi adlandırıb. O, bütün məzunları təbrik edərək, ölkənin gələcəyinə töhfə verəcəklərinə inandığını bildirib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların, xüsusilə də gənc qızların təhsilinin təkcə fərdi rifah deyil, cəmiyyətin uzunmüddətli inkişafı baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb. O, anaların təhsilinin gələcək nəsillərin savadlı və bacarıqlı yetişməsində mühüm rol oynadığını və qızların bütün təhsil pillələrində iştirakının təmin  edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, qadınların güclü, savadlı olması cəmiyyətin dayanıqlılığına, inkişafına töhfə verir. O, Nazirliyin qadınların təhsil imkanlarından bəhrələnməsi istiqamətində fəaliyyətini davam etdirməyə və bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb. O, xeyriyyəçilik ənənələrinin müasir dövrdə davam etdirilməsinin ali təhsil müəssisələrində də yeni mədəniyyətin formalaşmasına şərait yaratdığını deyib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edərək “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən təqaüd proqramları haqqında məlumat verib. Qeyd edib ki, dörd ildir həyata keçirilən layihə çərçivəsində 350-yə yaxın qız təhsil alır. E.Nəsibov əlavə edib ki, tələbələr informasiya texnologiyaları, mühəndislik, eləcə də qızlar üçün qeyri-ənənəvi sayılan digər ixtisaslara yönəlir. Paralel olaraq həyata keçirilən "Parla" təqaüd və inkişaf proqramından danışan  E.Nəsibov bildirib ki, proqramdan yararlananlar arasında Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları da var. Həyata keçirilən layihələrdə özəl sektorun roluna diqqət çəkən E.Nəsibov, onları daha geniş əməkdaşlığa dəvət edib.

Daha sonra məzunlar, layihələrin onların həyatında oynadığı müsbət roldan danışıblar.

Azərbaycan Dillər Universitetinin məzunu Leyla Vəliyeva “Gənc qızların təhsilinə dəstək” proqramının yalnız maddi deyil, mənəvi baxımdan da böyük dayaq olduğunu vurğulayıb, bu dəstəyin ona təhsil yolunda inam və motivasiya verdiyini bildirib. O, göstərilən etimadı doğrultmaq və cəmiyyətə faydalı bir fərd olmaq üçün səylə çalışacağını qeyd edib.

Şəhid mayor Elşad Həsənovun həyat yoldaşı, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin məzunu Aksana Həsənova “Sən Tək Deyilsən” layihəsi çərçivəsində ona göstərilən təhsil dəstəyinin həm akademik, həm də mənəvi əhəmiyyətini vurğulayıb. O, şəhid ailələrinin təhsilinə göstərilən diqqət və qayğının onların gələcəyə və özünə inamını, cəmiyyətə inteqrasiyasını gücləndirdiyini qeyd edib.

Sonda məzunlar mükafatlandrılıb və tədbir bədii hissə ilə yekunlaşıb.