“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib

22 may 2025 12:57

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə 22 may 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının iştirakçısı olan tələbələr üçün “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək,  qızların şəxsi inkişafına və ictimai-sosial fəallığının artırılmasına, o cümlədən onların cəmiyyətə sağlam və məqsədyönlü inteqrasiyasına  dəstək olmaqdır.

Layihə çərçivəsində keçirilən təlimin açılış hissəsində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Xumar İlqarqızı çıxış edərək,qızların təhsilinin cəmiyyətin gələcək inkişafında əhəmiyyəti və “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının uğurlu nəticələri barədə məlumat verib.

Təlimçi “The Training Hub Azerbaijan” MMC, “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilova təqdimatla çıxış edib. 

İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılmış, “Effektiv özünütəqdimetmə və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə və bədən dili” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb.

Təlimdə tələbələr və  Dövlət Komitəsinin “Ailəm Könüllüləri” iştirak ediblər.