“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçısı olan tələbələr üçün təlim keçirilib

6 mart 2026 17:00

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 6 mart 2026-cı il tarixində  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının iştirakçısı olan tələbələr üçün “Zirvəyə doğru” adlı təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd  qızların şəxsi inkişafına və ictimai-sosial fəallığının artırılmasına, o cümlədən onların cəmiyyətə sağlam və məqsədyönlü inteqrasiyasına  dəstək olmaqdır.

Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya təlimdə açılış nitqi ilə çıxış edərək, qızların təhsilinin cəmiyyətin gələcək inkişafında mühüm rolundan bəhs edib.  O, həmçinin “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının uğurlu nəticələri barədə iştirakçılara məlumat verib.

Mediator Günel Əliyeva tərəfindən interaktiv formada keçirilən təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılıb, onlara praktiki bilik və bacarıqlar aşılanıb.  Xüsusilə də gənc qızların hədəflərinə çatmaq və gələcəkdə uğurlu karyera qurmaq üçün strategiyalar, effektiv metodlardan istifadə, şəxsi inkişafının meyarları barədə məlumatlar verilib.