“Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib

14 aprel 2026 20:59

Paylaş:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda növbəti panel müzakirə təşkil edilib.

Panelin moderatoru AQEM Katibliyinin humanitar meyar üzrə eksperti İsmət Cahan tədbir iştirakçılarını salamlayaraq, ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin olunmasında qadınların roluna diqqət çəkib.

İ. Cahan icmanın gücləndirilməsində qadınların böyük rola malik olduğunu, onların iştirak və qərarvermə prosesindəki rolunun artırılmasının əhəmiyyətini qeyd edib. Bu kontekstdə cari tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan moderator, müzakirələrin birgə səylərlə mühüm nəticələrə və dəyərli töhfələrə gətirib çıxaracağına inamını ifadə edib.

Monqolustan Respublikasının Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Munkhzul Lkhagvasurençıxışında iqlim dəyişikliklərinin və ekoloji problemlərin ölkəsi üçün ciddi çağırışlar yaratdığını bildirib. O qeyd edib ki, qadınlar bu təsirlərdən daha çox zərər görsələr də, eyni zamanda ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas qüvvələrdir.

M. Lkhagvasuren bildirib ki, Monqolustanda gender bərabərliyi və qadınların liderliyinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir, bu məqsədlə onların qərarqəbuletmə proseslərində iştirakı, resurslara və imkanlara çıxışı genişləndirilir.

Növbəti panelçi Kamboca Krallığının Qadın İşləri Nazirliyinin dövlət katibi Man Chinda çıxışında iqlim dəyişikliklərinin ölkəsi üçün ciddi sosial-iqtisadi çağırışlar yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, qadınlar ətraf mühitin qorunması və dayanıqlılığın təmin olunmasında mühüm rol oynayan əsas aktorlardır. Bildirilib ki, qadınların qərarqəbuletmə proseslərində iştirakının genişləndirilməsi, onların resurslara və imkanlara çıxışının artırılması, eləcə də genderəhəssas yanaşmaların gücləndirilməsi dayanıqlı və inklüziv inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini qeyd edib. Ətraf mühitin qorunmasında gender balansının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan U. Tağıyeva ekoloji təşəbbüslərdə qadınların və gənc qızların, xüsusilə IDEA İctimai Birliyi kimi platformalar vasitəsilə yaşıllaşdırma, biomüxtəlifliyin qorusunması, maarifləndirmə layihələrində qadınların aktiv iştirakının müşahidə olunduğunu bildirib. Eyni zamanda Heydər Əliyev Fondunun fəaliyyətinin də bu sahədə xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb.