“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Qaradağ, Sabunçu və Xəzər rayonlarında yerləşən orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. 166 nömrəli məktəb-liseydə, 320, 112 və 206 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edib. S.Əliyeva erkən nikah və qohum nikahlarının səbəbləri və fəsadları, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlər, mövcud qanunvericilik aktları barədə məktəblilərə məlumat verib. Xüsusilə qeyd edilib ki, yeniyetmələrin, gənclərin aktual məsələlərlə bağlı məlumatlandırıldıqdan sonra özlərinin də bu istiqamətdə aktiv təbliğat aparmaları, həmyaşıdları arasında sosial məsələlərlə bağlı maarifləndirməni davam etdirmələri və cəmiyyətdə mövcud olan problemlərin həllinə biganə yanaşmamaları olduqca vacibdir. Müzakirələr formatında keçirilən görüşlərdə məktəblilər mövzu və aktual problemlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Görüşləri giriş sözü ilə açan 166 nömrəli məktəb-liseyin direktoru Zeynəb Vəliyeva, 320 nömrəli tam orta məktəbin direktoru Sevinc Niftiyeva, 112 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov və 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə çıxışları zamanı mövzunun əhəmiyyətini vurğulayaraq, maarifləndirici görüşlərin gənc nəslin yetişməsində önəmini qeyd ediblər.
Bütün görüşlərdə sosial videoroliklər nümayiş etdirilib və ümumilikdə 370 nəfər məlumatlandırılıb.