“Erkən nikahın qarşısının alınması” mövzusunda təlim keçirilib

7 may 2024 17:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən nikahın qarşısının alınması” mövzusunda Qarabağ, Lənkəran-Astara, Mil-Muğan regionları üzrə icra hakimiyyətlərinin, eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə növbəti onlayn təlim keçirilib.

 Təlimin məqsədi bu sahədə əlaqəli işin gücləndirilməsi, problemlərin müzakirəsi və həlli yolları istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir.

Təlimdə Dövlət Komitəsinin əməkdaşları Kamilə Əliyeva və Bahar Həsənli tərəfindən erkən nikah, qohum nikahlarının səbəbləri və fəsadları, mövcud problemlər, bu problemlərin qarşısının alınması, Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

 Daha sonra ekspert qismində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev çıxış edərək, iştirakçılara bu istiqamətdə mövcud qanunvericilik aktları, eləcə də həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Eyni zamanda, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb,ekspert tərəfindən suallar cavablandırılıb. 

 Qeyd edək ki, uşaq hüquqlarının mühafizəsi istiqamətində mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə digər aktual mövzularla bağlı təlimlər davam edir.