Əmək münasibətlərində gender bərabərliyi qanunvericiliklə təmin olunur
Paylaş:
Azərbaycanın əmək qanunvericiliyi qadın və kişilərin əmək münasibətlərində bərabər hüquq və imkanlara malik olmasını təmin edir. Əmək Məcəlləsinə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Bu prinsip işə qəbul, əmək şəraitinin müəyyən edilməsi, peşə hazırlığı və əlavə təhsil, vəzifədə irəli çəkilmə, əməyin qiymətləndirilməsi və əmək müqaviləsinə xitam verilməsi kimi əsas əmək münasibətlərinə şamil olunur. İşəgötürən qadın və kişilərə eyni iş şəraitini yaratmalı, eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı ödəməlidir. Qanunvericilikdə qadınlar üçün nəzərdə tutulan xüsusi güzəştlər və əlavə təminatlar isə ayrı-seçkilik hesab edilmir; əksinə, bu təminatlar əmək münasibətlərində faktiki bərabərliyin və ailə ilə əmək həyatının uzlaşdırılmasının dəstəklənməsinə xidmət edir.
Bərabərlik prinsipi yalnız əməkhaqqı ilə məhdudlaşmır. İşə qəbul elanlarında kişi və qadınlara fərqli tələblərin irəli sürülməsi, müəyyən cinsə üstünlük verilməsi və işaxtaran şəxsdən ailə vəziyyəti və şəxsi həyatı barədə məlumat tələb edilməsi də qanunvericiliklə məhdudlaşdırılır. Eyni zamanda, işəgötürən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir. Ayrı-seçkiliyə məruz qaldığını düşünən işçi isə qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqlarının müdafiəsini tələb edə bilər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi