Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün dördgünlük təlimə başlanılıb
Paylaş:
6 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, eləcə də onlara göstərilən sosial xidmətlərin və inklüziv təhsil imkanlarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə dördgünlük təlimə başlanılıb.
Təlimin əsas məqsədi əlilliyi olan şəxslərlə çalışan mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi, müasir yanaşmalar və qabaqcıl təcrübə əsasında göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş iki mütəxəssis tərəfindən keçirilən təlimdə TƏBİB-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edirlər.
Təlimin ilk günündə erkən uşaqlıq dövründə inkişaf və müdaxilə yanaşmaları, əlilliyi olan şəxslərin ehtiyaclarının ilkin qiymətləndirilməsi, fərdi yanaşmanın əhəmiyyəti, ailə ilə əməkdaşlıq və xidmətlərin planlaşdırılması mövzularında təqdimatlar və müzakirələr keçirilib.
İştirakçılara nəzəri məlumatlarla yanaşı, praktiki yanaşmalar və Türkiyə təcrübəsi təqdim olunub, konkret hallar üzərindən fikir mübadiləsi aparılıb.
Dörd gün davam edəcək təlim çərçivəsində erkən uşaqlıq müdaxiləsi, inklüziv təhsil, fərdi xidmət planlarının hazırlanması, müstəqil həyat bacarıqlarının dəstəklənməsi, ailələrlə effektiv əməkdaşlıq, həmçinin konkret halların təhlili üzrə mövzuların əhatə olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi