Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə 1-2 aprel 2026-cı il tarixlərində Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər, tələbələr, icma sakinləri və uşaqlar iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinin vacibliyindən bəhs edib, ölkəmizdə bu istiqamətdə görülən işlər, o cümlədən autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların hüquqlarının qorunması və ailələrinə göstərilən dəstəkdən danışıblar. Mütəxəssislər iştirakçılara autizmin erkən əlamətləri, diaqnostika prosesi, uşaqların inkişafına dəstək üsulları, həmçinin ailələrin qarşılaşdığı çətinliklər və onların həlli yolları barədə məlumat veriblər. Diskussiya şəklində keçən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi