Dövlət Komitəsinin rəqəmsallaşma üzrə yol xəritəsinin icrası istiqamətində iclas keçirildi
Paylaş:
14 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəqəmsal inkişaf və transformasiya istiqamətində həyata keçirilən layihələrin əlaqələndirilməsi, icra prosesinin səmərəli təşkili və müəyyən edilmiş hədəflərə nail olunması məqsədilə növbəti iclas keçirilib.
İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda rəqəmsal transformasiyanın əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb.
O bildirib ki, qarşıya qoyulan hədəflərə nail olunması üçün indiyədək görülmüş işlərin təhlil edilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Bu prosesdə müasir çağırışlara uyğunlaşmaq, əməkdaşların bilik və səriştələrinin artırılması, yeni bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Mövcud imkanlardan səmərəli istifadə olunması və işlərin ardıcıl şəkildə həyata keçirilməsi qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına mühüm töhfə verə bilər.
B. Muradova vurğulayıb ki, rəqəmsal transformasiya sürətlə inkişaf edən və daim yenilənən bir prosesdir. Bu sahədə dəyişikliklərin tempi və keyfiyyəti təşkilatların həmin proseslərə uyğunlaşma sürətindən daha yüksəkdir. Bu baxımdan qarşıda duran məsələlərə sistemli və məsuliyyətli yanaşılması, prosesin təsadüfi və pərakəndə şəkildə deyil, müəyyən edilmiş prioritetlər və strateji hədəflər əsasında həyata keçirilməsi zəruridir.
Sədr qeyd edib ki, gələcək fəaliyyətin müəyyənləşdirilməsi baxımından yol xəritəsi mühüm əhəmiyyət daşıyır. Xəritədə geniş spektrli tədbirlər nəzərdə tutulub və onların real imkanlar, mövcud resurslar və icra potensialı nəzərə alınmaqla qiymətləndirilməsi zəruridir. Bununla yanaşı, layihələrin maliyyələşdirilməsi, ölkə üzrə qəbul edilmiş sahə planlarının, eləcə də ayrı-ayrı sahələr üzrə müəyyən edilmiş vəzifələri əks etdirən yol xəritələrində nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası da prioritet məsələlər sırasındadır.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini, Layihə İdarəetmə Ofisinin rəhbəri Aynur Sofiyeva “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlərin effektiv icrasının təmin edilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin icrası, eyni zamanda qarşıda duran əsas vəzifələr və müəyyən edilmiş prioritet istiqamətlər barədə məlumat verib.
İclas zamanı xəritədə nəzərdə tutulan layihələrin icra vəziyyəti, qarşıya çıxan məsələlər, gözlənilən nəticələr və aidiyyəti struktur bölmələr arasında koordinasiya məsələləri müzakirə edilib.
İclasda Layihə İdarəetmə Ofisinin üzvləri, eyni zamanda Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi