Dövlət Komitəsinin 2025-ci ildəki fəaliyyətinə dair kollegiya iclası keçirilib
Paylaş:
13 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda 2025-ci il ərzində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Gündəliyə uyğun olaraq 2025-ci ildə fəaliyyətin yekunlarına dair məlumatla çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, reallaşdırılan layihələrdən danışıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirlər barədə məlumat verib, hazırlanan təhlilləri və bir sıra statistik göstəriciləri diqqətə çatdırıb.
B.Muradova ötən il 3 mühüm sənəd layihəsinin təsdiqləndiyini, 5 normativ hüquqi akt layihəsinin hazırlanaraq razılaşdırılmaq üçün göndərildiyini bildirib. 2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyasının Tədbirlər Planının icrası, uşaq hüquqlarının təmin edilməsi vəziyyəti və erkən, eləcə də qohum nikahlarının mənfi nəticələrinə dair maarifləndirmə qaydasının icrası üzrə 2024-cü il ərzində görülmüş işlərə dair ümumiləşdirilmiş hesabatların aidiyyəti üzrə təqdim edildiyini vurğulayıb.
B.Muradova, erkən evlilik risk xəritəsi, yeniyetmələr arasında intihar hallarına təsir edən faktorlar, ailə institutuna sosial-iqtisadi təsirlər və yeniyetmələrin hüquq düşüncəsini araşdıran 4 analitik təhlilin hazırlandığını, eləcə də 17 uşaq müəssisəsində monitorinqin aparıldığını əlavə edərək, nəticələri haqqında danışıb.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən Dövlət Komitəsinin 2024-cü il üzrə illik məlumatının Milli Məclisə təqdim olunduğunu bildirən sədr, sənədin müzakirə edilərək qəbul olunduğunu və 200-dən çox təşkilata göndərildiyini deyib. Əlavə edib ki, məişət zorakılığı üzrə monitorinq və əlaqələndirmə mexanizmləri gücləndirilmiş, 2023-cü illə müqayisədə 30% daha çox mühafizə orderi verilib. O qeyd edib ki, ötən il uşaq hüquqları üzrə komissiyanın katibliyi yaradılmış, sahə üzrə institusional koordinasiya artırılmış, eyni zamanda mediasiya, yerli özünüidarəetmə orqanları və ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilmişdir.
Qadın və gender məsələləri sahəsində atılan mühüm addımlardan danışan sədr, qadınların səlahiyyətləndirilməsi, bilik və bacarıqlarının artırılması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. O, qızların təhsilinə dəstək layihələrindən söz açıb, layihə çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”, “Sən tək deyilsən” şəhid xanımlarına dəstək layihəsi və “Arzumuz var” proqramının icra edildiyini, 5 il ərzində 294 nəfər iştirakçının layihələrdən faydalandığını bildirib.
Dövlət Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində aktiv fəaliyyətinə diqqət çəkən sədr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirildiyini qeyd edib, beynəlxalq tədbir və platformalarda irəli sürülən təşəbbüslərdən danışıb. CEDAW və Uşaq Hüquqları Komitələrinin tövsiyələrinin icrası üzrə işçi qrupları ilə koordinasiyanın gücləndirildiyini söyləyib.
Çıxışının sonunda B.Muradova, Komitəyə daxil olan vətəndaş müraciətləri, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti, keçirilən açıq qapı günləri haqqında illik göstəriciləri açıqlayıb.
İclasda Naxçıvan MR-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, görülən işlərdən danışıb. O, bu sahədə dövlət siyasətinə uyğun olaraq Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib. R. Seyidova, ötən il ərzində ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. R. Seyidova, “Konstitusiya və Suverenlik İli” çərçivəsində əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğatın, həmçinin münaqişəli ailələr, eləcə də çətin həyat şəraitində olan insanlarla iş aparıldığını bildirib.
İclasın gündəliyində olan ikinci məsələ Komitənin 2026-cı ilin birinci yarısı üzrə İş Planına dair qarşıda duran vəzifələrə həsr olunub. Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva təqdimatla çıxış edərək plan çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirib ki, ailə dəyərlərinin təşviqi, gender bərabərliyinin təminatı, uşaqların müdafiəsi, bu sahələrdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
İclasda həmçinin “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi ilə bağlı məsələlərin icrası müzakirə olunub. Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova məsələ ilə bağlı görüləcək işlər barədə məlumatı təqdim edib. S. Qəhrəmanova bildirib ki, 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı gender bərabərliyinin təmininə dair hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsini, qadınların sosial-iqtisadi fəallığının artırılmasını və ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsini hədəfləyir. Qeyd olunub ki, sənəddə təhsil, məşğulluq, iqlim dəyişiklikləri və media sahələrində gender yanaşmasının tətbiqi, həmçinin mərkəzi və yerli səviyyədə əlaqələndirmə qruplarının fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
Gündəlikdəki növbəti məsələ “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” adlı konfransın keçirilməsi ilə bağlı olub. Komitə sədrinin müavini Aynur Sofiyeva konfransın məqsəd və gözlənilən nəticələri barədə çıxış edib, qarşıya qoyulan hədəflərdən danışıb. Sədr müavini strateji prioritetlərin formalaşdırılmasının vacibliyinə toxunub, bu sahədə siyasətlərin yeni mərhələyə keçidinə diqqət çəkib. O, konfransın sistemli, multidissiplinar və gələcəyə yönəlik fəaliyyətə töhfə verəcəyini qeyd edərək, konfransın təşkili ilə bağlı hazırlıq işlərinin başladığını və bu məqsədlə İşçi qrupun yaradıldığını deyib.
İclasın növbəti məsələsi olan “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi” adlı beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi də müzakirə edilib. Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Nurəddin Babazadə tədbirin əhəmiyyəti və təşkilati məsələlər barədə məlumat verib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı Dövlət Komitəsinin fəaliyyətini və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Komitə yarandığı gündən etibarən ailə institutunun qorunması, qadın hərəkatının gücləndirilməsi və uşaq hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir. Qeyd olunub ki, qurum öz fəaliyyətində digər dövlət və qeyri-dövlət strukturlarını da prosesə cəlb edir, onlarla birgə genişmiqyaslı layihələr həyata keçirir.
Kollegiya iclasının yekununda Dövlət Komitəsinin sədri Bahar Muradova qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin olunmasının vacibliyini vurğulayaraq, qəbul edilmiş qərarların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin və müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətin daha da intensivləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi