Dövlət Komitəsində sosial media blogerləri ilə görüş keçirilib

20 dekabr 2024 15:58

Paylaş:

20 dekabr 2024-cü il tarixində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin blogerlərlə əməkdaşlığı çərçivəsində hazırlanan “Cins seçiminə yox deyək” mövzusunda video-çarx nümayiş etdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının cəmiyyət üçün aktuallığına diqqət çəkərək, bu həssas mövzuda çağırışların cəmiyyətə çatdırılması işində dəstək göstərdiklərinə görə sosial media fəallarına təşəkkürünü bildirib.  

O, cəmiyyətdə informasiya yaymaq, eləcə də ictimai mövqe formalaşdırmaq, ictimaiyyəti məlumatlandırmaq baxımından sosial medianın əhəmiyyətini və bu istiqamətdə blogerlərin fəaliyyətinin vacibliyini qeyd edib. Komitənin fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdıraraq, erkən nikah, məişət zorakılığı və gender əsaslı zorakılıq, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhalinin maarifləndirilməsi,sosial şəbəkələrdə hüquqların təşviqində bütün blogerləri aktiv olmağa çağırıb.

“2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planında jurnalist və blogerlərlə əməkdaşlıq istiqamətlərinə diqqət çəkən B. Muradova yeni hədəflərin müəyyən edildiyini və müxtəlif mövzulu layihələrin nəzərdə tutulduğunu qeyd edib.

O, blogerlərin potensialını sosial məsələlərə yönəltməklə cəmiyyətdə mənfi halların aradan qaldırılması, sağlam düşüncənin formalaşdırılması prosesinə onların öz töhfələrini verəcəyinə inamını ifadə edib.

Görüşdə çıxış edən blogerlər Dövlət Komitəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq, birgə fəaliyyətin daha səmərəli və intensiv olması istiqamətində təkliflərini səsləndiriblər.