Dövlət Komitəsində görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qazaxıstan Respublikasının “AHA УЙI” İctimai Fondunun icraçı direktoru Ajarkul Klışbayevanın Azərbaycanda qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib.
Əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Ümid yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova və “Nur” Uşaq evinin nümayəndəsi Kazım İsmayılov iştirak edib.
Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova qonaqları salamlayıb. O, Azərbaycan və Qazaxıstan arasında uşaq siyasəti sahəsində ikitərəfli əlaqələrin əhəmiyyətini və perspektivlərini qeyd edərək, görüşün qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından önəmini vurğulayıb.
Ajarkul Klışbayeva “Ana evi” adlı layihə barədə təqdimatla çıxış edərək, bu sahədə mövcud olan 10 illik təcrübəni azərbaycanlı həmkarları ilə bölüşüb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.