Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
Paylaş:
Dövlət Komitəsində keçirilən mərasimdə birgə sənədi Komitə sədri Bahar Muradova və QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.
Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd gender bərabərliyi, qadınların məşğulluğunun artırılması, onların ictimai həyatda aktiv iştirakının təşviqi, aztəminatlı ailələrdə böyüyən qızların təhsilinə dəstək, fiziki məhdudiyyəti olan şəxslərin və onların övladlarının cəmiyyətə inteqrasiyası və digər aidiyyəti istiqamətlərdə birgə sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsidir.
Mərasimdən öncə çıxış edən Bahar Muradova qonaqları salamlayıb və Dövlət Komitəsinin müvafiq təşəbbüsünə dəstək verdiklərinə görə “AzerGold” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
O, həmçinin Dövlət Komitəsinin fəaliyyətindən bəhs edərək, sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini, həm müvafiq dövlət orqanları, həm biznes qurumları, həm beynəlxalq, həm də qeyri-hökümət təşkilatları ilə intensiv əməkdaşlığın aparıldığını diqqətə çatdırıb.
Korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərə diqqət çəkən Komitə sədri, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyən edilməsi məqsədilə belə Sənədlərin imzalanmasının önəmini qeyd edib. Memorandum çərçivəsində həyata keçirilməsi nəzərdə tutuln layihələr və tədbirlər barədə söz açan sədr, birgə fəaliyyətin icrasından faydalanacaq həssas qrupların üzləşdiyi problemlərin həllinə vətəndaş cəmiyyətinin də cəlb olunmasının vacibliyini vurğulayıb.
O, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş spektrləri əhatə edəcəyinə inamını ifadə edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, Səhmdar Cəmiyyət BMT-nin 2030-cu ilədək dövrü əhatə edən 17 Dayanıqlı İnkişaf Məqsədi, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini diqqətdə saxlayır, dövlətimizin sosial sahədə yürütdüyü siyasətə töhfələrini verir. Bildirilib ki, hasilat və istehsalat fəaliyyəti həyata keçirilən bölgələrdə yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edilir. Bu layihələr sırasında qadınların məşğulluğu, uşaqların fərdi inkişafı, fiziki məhdudiyyəti olan şəxslərin sosial həyata inteqrasiyası ilə bağlı məsələlər də xüsusi yer tutur.
Z.İbrahimov, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasının qeyd olunan istiqamətlər üzrə fəaliyyətin daha da genişləndirməsi və effektivliyinin artırılmasına əlavə töhfələr verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub.