Dövlət Komitəsi Serbiyada keçirilən IV Milli Ailə Konfransında təmsil olunub
Paylaş:
Serbiyanın paytaxtı Belqrad şəhərində “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda IV Milli Ailə Konfransı keçirilib.
Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, həmçinin Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə iştirak edib.
Konfransın açılışında Serbiyanın ailə qayğısı və demoqrafiya naziri Jelena Zariç Kovaçeviç çıxış edərək ailələrin dəstəklənməsi və demoqrafik inkişaf istiqamətində davamlı siyasətlərin əhəmiyyətini vurğulayıb.
İki panel müzakirəsindən ibarət konfransın “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən birinci panelində demoqrafik dəyişikliklər, ailələrin dəstəklənməsində dövlət və yerli idarəetmə qurumlarının rolu, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Paneldə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və mövcud dəstək mexanizmləri barədə məlumat verib. O, ailə siyasətinin strateji prioritetlərinə, bu sahədə dövlət qurumları və yerli icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsinə, eləcə də ailələrin dəyişən ehtiyaclarına uyğun dəstək mexanizmlərinin inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Konfransın ikinci panelində valideynliyin dəstəklənməsi, erkən uşaqlıq inkişafına investisiyalar, uşaqların sağlamlığı və hərtərəfli inkişafı üçün əlverişli mühitin yaradılması, eləcə də keyfiyyətli xidmətlərə bərabər çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində müxtəlif ölkələrin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri ailə və demoqrafiya siyasəti sahəsində təcrübələrini bölüşüb, mövcud çağırışların həllində beynəlxalq dialoqun və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi