“Dəyərdən-davranışa” adlı layihə çərçivəsində ilk tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində 17 mart 2026-cı il tarixində Pirallahı Bələdiyyəsi ilə birgə “Dəyərdən-davranışa” adlı layihə çərçivəsində tədbir keçirilib.
Layihənin əsas məqsədi bələdiyyələrin resurs və potensialından səmərəli istifadə etməklə əhalinin maarifləndirilməsinə çıxış imkanlarının artırılması, birgə əməkdaşlıq sayəsində cəmiyyət arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, ailə dəyərləri, ailədaxili ünsiyyət və valideyn məsuliyyəti istiqamətində çoxşaxəli fəaliyyət aparılmasıdır.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini–Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək bildirib ki, belə layihələrin keçirilməsi əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, cəmiyyətdə ailənin rolu və valideyn məsuliyyəti, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə əhəmiyyəti daha da artırır.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli və Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin psixoloqu Aytəkin Məmmədova layihənin mahiyyəti və məqsədi haqqında ətraflı məlumat verərək bildiriblər ki, müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir.
Qeyd edilib ki, qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra çıxış edən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov layihənin əhəmiyyətindən bəhs ediblər.
Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon sakinlərinin iştiraki ilə keçən tədbir layihəyə aid videoçarxların nümayişi və diskussiyalarla davam edib.
Yekunda məlumatlandırıcı vəsaitlər təqdim edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi