Dərsliklərin hazırlanması prosesində gender bərabərliyi prinsiplərinin tətbiqi müzakirə olunub

14 sentyabr 2026 11:42

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Görüş zamanı qeyd olunub ki, son illərdə ümumi təhsil pilləsi üzrə dərsliklərin hazırlanması prosesində insan hüquqları, gender bərabərliyi və inklüzivlik prinsiplərinin nəzərə alınması istiqamətində bir sıra mühüm addımlar atılıb. Xüsusilə dərsliklərin qiymətləndirilməsi və nəşrqabağı elmi-metodiki monitorinqi zamanı gender həssaslığının təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı məsələlərə diqqət yetirilib.

Görüşdə dərsliklərin hazırlanması və qiymətləndirilməsi prosesində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı mövcud vəziyyət, bu sahədə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə dərslik müəllifləri və ekspertlər arasında sorğunun təşkili, həmçinin tədbirin icrası çərçivəsində növbəti mərhələlərdə həyata keçiriləcək fəaliyyətlər müzakirə olunub.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 871 nömrəli Sərəncamı ilə təsdiq edilmiş **“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”**nın 8.4.1-ci bəndində nəzərdə tutulan “Ümumi təhsil pilləsi üzrə dərslik hazırlığını həyata keçirən müəlliflərin və dərslik qiymətləndirməsini aparan ekspertlərin öz fəaliyyətlərində gender bərabərliyi prinsipinin tətbiqi ilə bağlı bilik və bacarıqlarının artırılması” tədbirinin icrası ilə əlaqədar təşkil olunub.