“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib

27 fevral 2026 15:29

Paylaş:

27 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib.

Görüşdə Komitənin sədr müavini, Fövqəladə Hallar Komissiyasının sədri Sədaqət Qəhrəmanova çıxış edərək mülki müdafiə tədbirlərinin əhalinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, ekoloji risklərin düzgün idarə olunmasının dayanıqlı inkişafın əsas şərtlərindən biri olduğunu qeyd edib və bu istiqamətdə institusional hazırlığın əhəmiyyətini diqqətə çatdırıb.

Komitənin aparat rəhbəri, Qərargah rəisi Ceyran Rəhmətullayeva görülmüş işlər barədə məlumat verib, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, profilaktik tədbirlərin gücləndirilməsi və əməkdaşların hazırlıq səviyyəsinin artırılması prioritet istiqamətlərdəndir.

Qərargah üzvü Həsən Əliyev çıxışında yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat təqdim edib. O, yanğınsöndürən balonların növləri, onların təyinatına uyğun seçilməsi və düzgün istifadə qaydalarını izah edib, təzyiq göstəricisinin yoxlanılması, təhlükəsiz məsafənin qorunması və alovun mənbəyinə yönəldilərək tətbiq olunmasının vacibliyini qeyd edib. Bununla yanaşı, fövqəladə hallarda təxliyə prosesinin düzgün təşkili, marşrutların əvvəlcədən bilinməsi və panikanın qarşısının alınması ilə bağlı tövsiyələr verilib. Çıxış zamanı ilkin tibbi yardım qaydaları da izah olunub, elektrik vurması, huşun itirilməsi və tənəffüsün dayanması hallarında görülməli tədbirlər, ürək masajının (CPR) icra qaydaları və təcili yardım xidmətinə vaxtında müraciətin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda əməkdaşların mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi qeyd olunub.