“Çempion ailələr” layihəsinə Sabirabad rayonunda start verilib

7 iyun 2024 17:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çempion ailələr” layihəsinin icrasına başlanılır. 

Layihə çərçivəsində iyunun 7-də Sabirabad rayon ərazisində yerləşən Heydər Əliyev Parkında ilk tədbir keçirilib.

Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aqil İsmayılzadə dövlət ailə siyasətinin icrası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb, bu gün icrasına başlanılan “Çempion ailələr” layihəsinin məqsəd və əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbir çərçivəsində, ümumilikdə 12 ailə arasında kəndir və dama oyunu, uşaqlar arasında kisə ilə yaxın məsafəyə qaçış, sonda isə intellektual yarış keçirilib və nəticələrə əsasən 3 ailə qalib seçilib. Qalib ailələrə, eyni zamanda tədbirdə iştirak edən hər bir fəal ailəyə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, layihənin məqsədi bölgələrdə əhali arasında sağlam həyat tərzinin təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilidir.

Cari ilin iyun-iyul aylarını əhatə edəcək layihənin, ümümullikdə 10 bölgədə 120-dən çox ailənin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.