Bölgələrdə bullinqin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Goranboy, Göygöl, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 oktyabr 2024-cü il tarixlərində bullinqin qarşısının alınması istiqamətində təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə mərkəzlərin, Rayon İcra Hakimiyyətləri, Rayon Polis Şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər, məktəb psixoloqları iştirak ediblər.
Tədbirlərdə çıxış edən natiqlər bullinqin növləri (fiziki, verbal, psixoloji, sosial, kiberbulliq) barədə ətraflı məlumat verib, bullinqi meydana gətirən amillərdən, o cümlədən fərdi, ailə, ictimai, ətraf mühit amillərindən bəhs ediblər. Qeyd edilib ki, bullinq təkcə məktəbin deyil, ümumilikdə cəmiyyətin problemi hesab edilməlidir. Araşdırmalar zamanı bullinq davranışlarının fərdlərə mənfi təsirləri olduğu kimi, ümumən cəmiyyətə də zərərləri olduğu, bullinqə məruz qalan uşaqların səhiyyə xidmətlərinə nisbətən daha çox ehtiyac duyduqları aşkarlanıb. Bu isə onların səmərəli, məhsuldar çalışmasına mənfi təsir edir, təhsil göstəricilərinin aşağı olmasına gətirib çıxarır.
Bullinqlə mübarizə istiqamətində valideyn-şagird-məktəb üçbucağının önəmi bir daha vurğulanıb, bu problemin həllində birgə səylərin əhəmiyyəti diqqətə çatdırılıb.
Diskussiya şəklində keçən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.