“Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” mövzusu müzakirə edilib

23 aprel 2026 20:42

Paylaş:

23 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans çərçivəsində “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” mövzusunda panel müzakirə təşkil edilib.

Milli Məclisin deputatı, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə qadınların cəmiyyətdə və iqtisadi həyatda daha fəal iştirakının təmin olunması üçün iqtisadi imkanların genişləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Fariz İsmayılzadə çıxışında bildirib ki, bugünkü panel müzakirəsi müasir şəhərsalma və iqtisadi fəaliyyət kontekstində gender həssaslığının nəzərə alınmasına yönəldilməlidir. Deputat vurğulayıb ki, şəhərsalma prinsipləri qadınlar üçün daha geniş imkanlar yaratmalı, onların iqtisadi potensialını gücləndirməli və təmsilçilik problemlərini aradan qaldırmalıdır. Onun sözlərinə görə, bu yanaşma həm sosial ədalət, həm də inklüziv və davamlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Vüqar Bayramov çıxışında bildirib ki, şəhərsalma yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də inklüziv yanaşmaya əsaslanmalıdır. Onun sözlərinə görə, müasir şəhərsalma modellərində əlçatanlıq, təhlükəsizlik və bərabər istifadə imkanları əsas prinsiplərdir və bir çox ölkələrdə bu yanaşma qanunvericilik səviyyəsində tətbiq olunur. Deputat qeyd edib ki, həssas qrupların gündəlik həyatını asanlaşdırmaq üçün əlavə tədbirlər görülməli, inklüzivlik yalnız fiziki deyil, sosial-iqtisadi inkişafın da əsas tərkib hissəsi kimi nəzərə alınmalıdır. O vurğulayıb ki, dövlətin əsas məqsədlərindən biri mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir və bu, iqtisadi fəallığın və ümumi rifahın artırılması üçün vacibdir: “Azərbaycanda yaradılacaq dəyərdə qadın və uşaqların, xüsusən də qadınların payının artırılması və dəyərə çıxış imkanlarının inklüziv olaraq genişləndirilməsi çox vacibdir" - deyə o əlavə edib.

Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev çıxışında bildirib ki, mövzu xüsusilə regionlar baxımından əhəmiyyətlidir. O qeyd edib ki, qadınların memarlıq sahəsində iştirakı sosial memarlıq kontekstində müzakirə olunmalı və bu istiqamət daha geniş təhlil edilməlidir. Deputat vurğulayıb ki, qadınların cəmiyyətdəki mövqeyi yalnız mövcud səviyyə ilə məhdudlaşmamalı, daha yüksək inkişaf mərhələsinə çatmalıdır. Onun sözlərinə görə, bunun üçün təhsil imkanları genişləndirilməli, qadınların uzunmüddətli və keyfiyyətli təhsilə çıxışı təmin edilməli və onların əmək bazarında fəallığı artırılmalıdır. O əlavə edib ki, qadınlar öz potensiallarını dərk etməli, seçimləri əsasında inkişaf etməli və iqtisadi imkanları genişləndirilməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Nigar Vahabzadə çıxışında bildirib ki, bərabər imkanların təmin olunmaması bir çox problemlərə səbəb olur və bu baxımdan əmək bazarı, işçi-işəgötürən münasibətləri və sosial hüquqlar mühüm rol oynayır. O qeyd edib ki, təşkilatın 2025–2027-ci illər üzrə strategiyasında gender bərabərliyi və gənclərin üzvlüyə təşviqi əsas istiqamətlərdəndir. Onun sözlərinə görə, 2025-ci ildə üzvlərin sayı 1 milyona yaxın olub, qadınların payı 53,4 faiz təşkil edib və bu, əvvəlki illə müqayisədə artım deməkdir. “Yaş qruplarına görə təhlil göstərir ki, qadın üzvlərin 71%-i əmək bazarında aktiv yaş qrupuna daxildir. Bu isə qadınların əmək bazarında iştirakının artdığını göstərir” - deyə o əlavə edib.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Nazim Bayandurov çıxışında bildirib ki, şəhərsalma və memarlıq sahəsində sosial mühitin və keyfiyyətli yaşam şəraitinin formalaşdırılması əsas məsələlərdəndir. O vurğulayıb ki, şəhərsalma yalnız binalardan ibarət deyil, ailədən başlayaraq bütöv bir yaşayış mühitinin qurulmasını əhatə edir və bu yanaşma dağlıq bölgələrdə də tətbiq olunmalıdır. Onun sözlərinə görə, güclü iqtisadi cəmiyyət qurmaq üçün mövcud potensiallardan birgə və səmərəli istifadə vacibdir.

Panel iştirakçıların suallarının cavablandırılması ilə davam edib. Səsləndirilən fikirlər bərabər imkanların genişləndirilməsi və inklüziv inkişafın təmin olunması istiqamətində kompleks yanaşmanın vacibliyini bir daha ortaya qoyub.