"Balaca Günəşlərin" yaz düşərgəsinin açılışı keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin açılışı keçirilib.
Valideynləri və uşaqları salamlayan Komitənin sədr müavini Aynur Sofiyeva, uşaqlara diqqət və qayğının önəmindən danışıb. O, düşərgədə valideynlərə uşaqlarla gözəl vaxt keçirmək üçün şərait yaradıldığını, mütəxəssislərin daim onların yanında olacağını qeyd edib və gözəl istirahət arzulayıb.
Düşərgənin ilk günündə ümumi tanışlıq məqsədilə uşaqların fiziki və psixoloji inkişaf vəziyyəti qiymətləndirilib və onlar üçün müxtəlif əyləncələr təşkil olunub.
5-14 mart tarixlərini əhatə edəcək düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. Düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyaların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, düşərgənin təşkil olunmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsidir.