“Balaca Günəşlər”in yaz düşərgəsi sona çatıb

14 mart 2024 18:00

Paylaş:

14 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Komitənin sədr müavini Aynur Sofiyeva, iştirakçıları salamlayıb və düşərgə ərzində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib. A. Sofiyeva, dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birinin sağlamlıq imkanları məhdud uşaqlara, onların ailələrinə diqqət və qayğı olduğunu qeyd edərək, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrdən danışıb. Dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu olaraq, Komitənin bu məsələləri daim diqqətdə saxladığını, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etdiyini əlavə edib. A.Sofiyeva çıxışının sonunda, yaz düşərgəsində valideyn və uşaqların qayğılardan uzaq, xoş vaxt keçirdiklərini, buradan ayrılmaq istəmədiklərini nəzərə alaraq, belə layihələrin gələcəkdə daha genişmiqyaslı keçiriləcəyini vurğulayıb. 

Daha sonra yadda qalan anları, valideynlərin və uşaqların təəssüratlarını əks etdirən video-çarx nümayiş olunub. Davamında “balaca günəşlər”in rəqsi və pedaqoqlarla birgə xor ifası təqdim edilib. 

Məlumat üçün bildirək ki, 5 mart tarixindən başlayan düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. Düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyalar təşkil olunub.