Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir

1 iyun 2026 14:43

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin may ayında kənd və qəsəbələrdə 147 nəfərin iştirakı ilə 16 icma görüşü təşkil edilib. Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi və qurbanların müdafiəsi, erkən və qohum evliliklərin qarşısının alınması və bu istiqamətdə mövcud qanunvericilik, təhsildən yayınma hallarının qarşısının alınması kimi aktual mövzuları əhatə edib.

Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır.

Görüşlərdə icma sakinləri ilə yanaşı, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, dini icma üzvləri, tibb müəssisələrinin əməkdaşları, təhsil işçiləri, psixoloq və pedaqoqlar iştirak ediblər.

 Tədbirlər zamanı ailə, qadın və uşaq hüquqlarına dair qanunvericiliyin tələbləri barədə məlumat verilib, icmaların ehtiyaclarına uyğun mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, vətəndaşların müraciətləri qeydə alınaraq onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilib.