Bakı şəhəri və regionlarda “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmələr keçirilib

6 mart 2026 11:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 2-6 mart 2026-cı il tarixlərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmələr keçirilib.

İctimai dinləmələrdə Mərkəzlərin, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin əməkdaşları, rayonların ictimai-mədəni həyatında yaxından iştirak edən şəxslər, media nümayəndələri və icma sakinləri iştirak ediblər.

İnteraktiv şəkildə keçirilən ictimai dinləmələrdə qanunvericilikdən irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılıb, ölkəmizdə gender məsələləri ilə bağlı dövlət siyasətindən və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hədəflərindən bəhs edilib. Eyni zamanda gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, qadınların idarəetmə proseslərində fəal iştirakının davamlı sosial-iqtisadi tərəqqiyə töhfə verdiyi vuğulanıb, qadınların qərar qəbuletmə mexanizmlərində təmsilçiliyi, mövcud çağırışlar və perspektivlər barədə ətraflı məlumat verilib. 

Tədbirlərdə rayon üzrə fəallığı ilə seçilən bir qrup qadına təşəkkürnamələr təqdim edilib.