Bakı şəhəri və regionlarda “Açıq qapı” günü keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 28 yanvar 2026-cı il tarixində psixoloq və sosial işçilərin iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, İsmayıllı şəhəri, Ağdam rayonunun İkinci Dördyol qəsəbəsi, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Kürçülü, Qəbələ rayonunun Çuxur Qəbələ, Saatlı rayonunun Sımada, Sabirabad rayonunun Nərimankənd, Zaqatala rayonunun Üçüncü Tala, Zərdab rayonunun Qoruqbağı, Göygöl rayonunun Qızılqaya kənd və qəsəbələrini əhatə edib.
“Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, əlil arabası ilə təmin olunma, evdə (səyyar) sosial xidmət, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi üzrə müraciətləri dinlənilib.
Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub.
“Açıq qapı” günündə ümumilikdə 74 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi