Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub

23 iyul 2025 17:15

Paylaş:

“Milli Məclis” analitik informasiya jurnalının son nömrəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub. Müsahibədə ölkəmizdə uşaq və qadın hüquqlarının qorunması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verilib.

Bahar Muradova vurğulayıb ki, dövlət uşaq siyasətinin əsas məqsədi uşaqların keyfiyyətli təhsil alması, onların hərtərəfli qayğı ilə əhatə olunması və layiqli vətəndaş kimi formalaşmasıdır. Komitənin prioritetləri çətin həyat şəraitində və sosial risk qrupu sayılan uşaqların aşkarlanması və cəmiyyətə reinteqrasiyasıdır. Bu istiqamətdə multidisiplinar yanaşma əsasında yerli icra hakimiyyətləri və müvafiq qurumlarla sıx əməkdaşlıq aparılır. Həmçinin, uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, yeni qanun layihələri hazırlanır və bu sahədə beynəlxalq standartlara uyğun tənzimləmələr tətbiq edilir.

Qadın hüquqlarının müdafiəsi və onların qərarqəbuletmədə iştirakının, sosial-iqtisadi fəallığının artırılması məsələsi də müsahibənin əsas mövzularından olub. 2024-cü ildə bu sahədə bir çox yeni qanunların qəbulu, beynəlxalq öhdəlikləri müəyyən edən sənədlərin icrası, eləcə də qadın sahibkarların dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib, güzəştli kreditlər verilib və müxtəlif təlim proqramları təşkil olunub. Ötən ildə gender bərabərliyinin təmin edilməsinə mənfi təsir göstərən halların (erkən nikah, məişət zorakılığı, doğulanlar arasında cins seçimi) xeyli azaldığı, kənd təsərrüfatında qadınların rolunun artırıldığı qeyd edilib.

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin olunması ilə bağlı artıq 5-ci dəfə Milli Məclisə təqdim etdiyi hesabata əsasən 2024-cü ildə ölkəmizdə bu sahədə müsbət tendensiyaların müşahidə olunduğunu deyib. Bildirib ki, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən qərarların qəbulunda və dövlət idarəçiliyində qadınların təmsilçiliyi artmaqdadır. Erkən nikah, məişət zorakılığı və doğulanlar arasında cins seçimi kimi neqativ halların sayı xeyli azalıb. Gender bərabərliyinin təmin olunması üçün hüquqi müstəvidə əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıda duran hədəflər əks olunub. Bu sahədə dövlətin müxtəlif səviyyələrdə həyata keçirdiyi tədbirlər qadınların sosial və iqtisadi fəallığının artırılmasına, eləcə də məişət zorakılığı və ayrı-seçkiliklə mübarizəyə yönəlib.

Ümumilikdə, məlumatda göstərilir ki, gender bərabərliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətində prioritet mövqe tutur və bu istiqamətdə görülən işlər davam etdirilir.

Müsahibədə, eyni zamanda, məişət zorakılığı ilə mübarizə sahəsində son illərdə aparılan islahatlar qeyd olunub. 2024-cü ildə qanunvericilikdə mühüm dəyişikliklər edilərək zərər çəkmiş şəxslərə hüquqi yardımın təmin olunması və qoruyucu tədbirlərin tətbiqi gücləndirilib. Monitorinq və əlaqələndirmə mexanizmləri yaradılaraq, məişət zorakılığı hallarının qarşısının alınması üçün regional səviyyədə işlərin effektivliyi artırılıb.

Bahar Muradova beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ISESCO və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın qadın və uşaq hüquqları sahəsində müsbət nəticələr verdiyini vurğulayıb. Bilirib ki, bu əməkdaşlıq ölkəmizin sosial proqramlarının təkmilləşdirilməsinə və milli strategiyaların formalaşmasına böyük töhfə verir.

Müsahibədə ailə dəyərlərinin qorunması və milli kimliyin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığı, rəqəmsal transformasiyalar və qeyri-ənənəvi meyillərin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Ümumilikdə, müsahibə Azərbaycanda qadınların və uşaqların hüquqlarının müdafiəsinin dövlət siyasətində prioritet mövqe tutduğunu, bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini və gələcəkdə də davam etdiriləcəyini ətraflı şəkildə nümayiş etdirir.

Aşağıdakı linkdə müsahibənin tam mətni ilə tanış ola bilərsiniz:

 “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”