Bahar Muradova VII Qadın və Ədalət Zirvəsində iştirak edib

21 noyabr 2026 10:25

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin İstanbul şəhərində keçirilən VII Qadın və Ədalət Zirvəsində iştirak edib.
Qadın və Demokratiya Dərnəyinin (KADEM) Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi Beynəlxalq Qadın və Ədalət Zirvəsinin yeddincisi 2026-cı ildə “Qurulmuş gözəlliklər” mövzusunda keçirilir.
21 noyabr 2026-cı il tarixində Taksim Atatürk Mədəniyyət Mərkəzində zirvə çərçivəsində “Qüsursuz obrazların fövqündə: qadınların gücləndirilməsi naminə qlobal əməkdaşlıq” mövzusunda Liderlər sessiyası keçirilib.
Liderlər sessiyasında rəqəmsallaşma, sosial media, süni intellekt və media vasitəsilə formalaşan gözəllik standartlarının qadınların və qız uşaqlarının özünəinamına, psixoloji rifahına, özünüqavrayışına və ictimai həyatda iştirakına təsiri müzakirə olunub. Eyni zamanda, qadınların stereotiplərdən kənar öz kimliklərini ifadə etmələri, potensiallarını reallaşdırmaları, ləyaqətinin qorunması, ədalətli təmsilçilik və qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində görüləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.
Çıxışında tədbirin mövzusunun aktuallığına toxunan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir dövrdə sürətli rəqəmsallaşma, sosial media platformaları, süni intellekt texnologiyaları və istehlak mədəniyyəti insanların özünə və ətraf aləmə münasibətinə ciddi təsir göstərir. Xüsusilə qadınlara və gənc qızlara kənardan diktə edilən süni “qüsursuzluq” standartları onların özünəinamına, psixoloji rifahına və sərbəst özünüifadə imkanlarına mənfi təsir edə bilir.
Sədr qeyd edib ki, “qüsursuz görünmək” naminə aqressiv estetik və kosmetoloji prosedurlara, nəzarətsiz tibbi müdaxilələrə, sertifikatsız vasitələrə və sağlamlıq üçün riskli üsullara müraciət edilməsi ciddi fiziki və psixoloji fəsadlara səbəb ola bilər.
Bahar Muradova xüsusilə qadınların özlərinin də bu cür estetik standartların təbliğində və yayılmasında iştirak etməsinin yaratdığı ictimai-mədəni ziddiyyətə diqqət çəkib. Onun sözlərinə görə, sosial şəbəkələrdə və kommersiya mühitində formalaşan süni estetik normaların qadınlar vasitəsilə digər qadınlara ötürülməsi onların özünüdəyərləndirməsinə, sağlamlığına və mənəvi rahatlığına mənfi təsir göstərə bilər.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu problemlərin qarşısının alınması üçün qadın ləyaqətinin qorunması, sağlamlığın və rəqəmsal təhlükəsizliyin təmin edilməsi, zorakılığın və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi vacibdir: “Əsas vəzifəmiz qadını yalnız kənardan qiymətləndirilən bir obyekt kimi deyil, öz taleyini, peşəkar yolunu və cəmiyyətin gələcəyini formalaşdıran fəal subyekt kimi dəstəkləməkdir. Güclü qadın süni qəliblərə uyğunlaşan, sağlamlığını riskə atan deyil, öz intellekti, bilik və bacarıqları ilə dəyər yaradan qadındır”, – deyə Bahar Muradova bildirib.
Dövlət qadın siyasətinin əsas istiqamətlərinə toxunan Komitə sədri qeyd edib ki, Azərbaycanda bu siyasət insan kapitalının inkişafı, bərabər imkanların təmin edilməsi və qadınların ictimai-iqtisadi həyatın bütün sahələrində fəal iştirakının təşviqi prinsiplərinə əsaslanır. Qəbul edilən qanunvericilik aktları və dövlət proqramları qadın hüquqlarının müdafiəsinə, məişət zorakılığına qarşı mübarizəyə, təhlükəsizliyin və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Bahar Muradova gənc qızların təhsilinə və peşəkar inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, Azərbaycanın görkəmli maarifpərvərləri Hacı Zeynalabdin Tağıyevin və Hənifə Məlikova-Zərdabinin adını daşıyan təqaüd proqramları vasitəsilə regionlarda yaşayan yüzlərlə gənc qızın ali təhsil almasına, liderlik bacarıqlarının inkişafına və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilir.
Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, qızların keyfiyyətli təhsilə və elmi-tənqidi düşüncəyə çıxışının təmin edilməsi onların süni sosial təzyiqlərdən qorunması və sağlam ictimai şüurun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının geniş yayıldığı müasir dövrdə Komitənin prioritet istiqamətlərindən də bəhs edən Bahar Muradova rəqəmsal savadlılığın və sağlamlıq maarifləndirməsinin artırılmasının, qadınların innovasiya və sahibkarlıq ekosisteminə cəlb edilməsinin, uşaqların və gənclərin onlayn mühitdə zərərli təbliğatdan qorunmasının vacibliyini vurğulayıb.
O, rəqəmsal mühitdə qadın təşəbbüskarlığının etik və elmi əsaslarla, təhlükəsiz istiqamətlərdə inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Çıxışında Türkiyənin Qadın və Demokratiya Dərnəyinin (KADEM) fəaliyyətinə də toxunan Komitə sədri təşkilatın qadınların və gənc qızların inkişafına yönəlmiş təşəbbüslərini təqdir edib. Bildirib ki, KADEM-in gənc qızların təhsilinə və akademik araşdırmalara dəstəyi, qadın sahibkarlığının və kooperativlərin gücləndirilməsi, həssas qruplardan olan qadınların sosial-psixoloji reabilitasiyası istiqamətində həyata keçirdiyi layihələr Azərbaycan tərəfinin fəaliyyət istiqamətləri ilə uzlaşır.
Bahar Muradova bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Çıxışının sonunda o, bildirib ki, rəqəmsal məkanı sərhəd tanımayan müasir dünyada süni gözəllik standartlarının, təhlükəli kosmetoloji müdaxilələrin yaratdığı tibbi-psixoloji fəsadlarla, kibertəhlükəsizlik və ayrı-seçkilik problemləri ilə təkbaşına mübarizə aparmaq mümkün deyil.
O vurğulayıb ki, bu problemlərin həlli dövlət qurumları, səhiyyə və tənzimləyici orqanlar, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və media arasında çoxtərəfli və davamlı əməkdaşlığı zəruri edir.
Dövlət Komitəsinin sədri birgə elmi tədqiqatların aparılması, gənc qadın tədqiqatçılar və təqaüdçülər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qadın və uşaq hüquqlarının, eləcə də sağlamlığının müdafiəsi üzrə ortaq mexanizmlərin işlənilməsi istiqamətində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib.
Bahar Muradova əminliyini ifadə edib ki, Zirvədə səsləndirilən fikirlər və paylaşılacaq təcrübələr qadınların və qız uşaqlarının öz potensiallarını təhlükəsiz, sağlam və tam şəkildə reallaşdıra biləcəyi daha ədalətli, təhlükəsiz və inklüziv gələcəyin qurulmasına mühüm töhfə verəcək.
Zirvə çərçivəsində qadınların gücləndirilməsi, onların hüquq və imkanlarının genişləndirilməsi, müasir çağırışlara qarşı birgə mübarizə və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə istiqamətlərindən olub.
Qeyd edək ki, tədbirin ikinci günü – 22 noyabr tarixində nazirlər və nümayəndə heyətlərinin iştirakı ilə mədəni proqramın keçirilməsi nəzərdə tutulub.