Bahar Muradova uşaqların rəqəmsal mühitdə müdafiəsi ilə bağlı mühüm mesajlar səsləndirib

21 aprel 2026 18:51

Paylaş:

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə 21 aprel 2026-cı il tarixində Ankara şəhərində nazirlər səviyyəsində keçirilən dəyirmi masada rəqəmsal mühitdə uşaqların qorunması və gücləndirilməsi mövzusu müzakirə edilib.

17 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi dəyirmi masada Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.

O çıxışında bildirib ki, rəqəmsal texnologiyalar artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib və internetlə sosial media onların təhsilinə, düşüncəsinə və davranışına ciddi təsir göstərir.Kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi, zərərli kontentə çıxış və onlayn istismar artıq qlobal problemə çevrilib. Bu səbəbdən hüquqi çərçivələrin mövcudluğu kifayət deyil - əsas məsələ onların real və effektiv tətbiqidir. Burada dövlətin həm tənzimləyici, həm də qoruyucu və preventiv rolu xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri qeyd edib ki, Azərbaycanda bu sahədə ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, uşaqların zərərli informasiyadan qorunması üçün hüquqi baza yaradılıb, kibertəhlükəsizlik strategiyaları tətbiq olunur və süni intellektlə bağlı normativ yanaşmalar hazırlanır. Eyni zamanda monitorinq və koordinasiya mexanizmləri gücləndirilir.

B. Muradova vurğulayıb ki, uşaqların qorunması yalnız məhdudiyyətlərlə mümkün deyil, əsas diqqət onların gücləndirilməsinə yönəlməlidir. Bu məqsədlə dövlət qurumları, media və vətəndaş cəmiyyəti ilə birgə maarifləndirmə proqramları, təlimlər və innovativ təşəbbüslər həyata keçirilir.

O, rəqəmsal təhlükəsizliyin ailədən başladığını və valideynlərin rəqəmsal savadlılığının artırılmasının bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb. Ailə daxilində açıq ünsiyyət və etimadın uşaqlar üçün ən effektiv qoruyucu mexanizm olduğunu bildirib.

Çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunan B. Muradova qeyd edib ki, sərhədsiz rəqəmsal mühitdə BMT, Avropa Şurası və digər platformalar çərçivəsində əməkdaşlıq xüsusi rol oynayır. Müxtəlif ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanın təcrübəsi də  göstərir ki, kompleks və birgə yanaşma  effektiv həllər və nəticə əldə etməyə möhkəm əsaslar yaradır.

Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər də çıxış ediblər. Belə ki, Mahinur Özdemir Göktaş (Türkiyə), Claudia Bauer (Avstriya), Maya Morsy (Misir), Damir Gutić (Monteneqro), Imaan Sulaiman-Ibrahim (Nigeriya), Asma Jabri (Tunis), Mansurbek Polvonozoda Olloyorov (Özbəkistan), Tatjana Macura (Serbiya), Stéphanie Rist (Fransa, video müraciət) və Camilla Waltersson Grönvall (İsveç, video müraciət) tədbirdə çıxış edərək rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli informasiyadan qorunması və onların sağlam inkişafı üçün effektiv mexanizmlərin müəyyənləşdirilməsi və digər mövzular ilə bağlı fikirlərini səsələndiriblər.