Bahar Muradova Mərakeşin ailə və sosial inteqrasiya naziri ilə görüşüb

23 dekabr 2025 16:57

Paylaş:

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahya ilə görüşü baş tutub.

Görüş zamanı ailə və uşaq siyasəti sahəsində qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın, o cümlədən İSESKO kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər rəqəmsal mühitdə uşaqların qorunması üzrə vahid yanaşmaların formalaşdırılmasının və təcrübə mübadiləsinin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin bu sahədə dialoqun davam etdirilməsinə, institusional əməkdaşlığın möhkəmləndirilməsinə və uşaqların hüquqlarının müdafiəsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduqlarını ifadə ediblər.