Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi ilə görüşüb

7 oktyabr 2026 14:30

Paylaş:

7 oktyabr 2026-cı il tarixində keçirilən görüşdə qadınların hüquq və imkanlarının genişləndirilməsi, rəqəmsal mühitdə qadınların təhlükəsizliyinin təmin edilməsi, gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə olunub.

Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin qurumları və onların region üzrə nümayəndəlikləri ilə əməkdaşlığın davamlı məsləhətləşmələrlə müşayiət olunduğunu qeyd edib.

B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təşviqi istiqamətində UN Women ilə bir sıra mühüm layihələr həyata keçirilib. O, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə birgə reallaşdırılan təşəbbüslərin müvafiq mexanizmlərin formalaşdırılmasına, eləcə də qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.  

2026–2028-ci illər üçün “Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın icrasının aidiyyəti qurumlarla birgə icra etdirildiyini vurğulayan Bahar Muradova, həmçinin rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlarla yanaşı, qadınlar üçün meydana çıxan yeni çağırış və təhlükələrə diqqət çəkib. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini bildirən sədr qadınların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərdən qorunması və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kaori İşikava Azərbaycanla UN Women arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirərək bu sahədə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Kaori İşikava rəqəmsal zorakılığın, o cümlədən süni intellektdən istifadə ilə bağlı yarana biləcək risklərin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. Bu istiqamətdə 16 günlük fəallıq kampaniyası çərçivəsində birgə tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Görüşdə, həmçinin regional və qlobal tədbirlərdə iştirak və təmaslardan maksimum yararlanmağın əhəmiyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.