Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin icraçı direktorunun müavini Kirsi Madi ilə görüşüb

14 mart 2025 10:06

Paylaş:

BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin icraçı direktorunun müavini Kirsi Madi ilə görüşüb.  

Görüşdə COP29 və COP30 çərçivələrində əməkdaşlıq, qadınların iqtisadi baxımdan gücləndirilməsi, insan kapitalının inkişafı kontekstində qadınların qüvvətləndirilməsi və “Pekin +30” fəaliyyət gündəliyi müzakirə olunub.

Komitə sədri BMT strukturu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, qadınların qlobal proseslərdə iştirakı və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini vurğulayıb. O, Azərbaycanın COP29-a sədrliyi zamanı gender mövzusunun geniş müzakirə edildiyini və ilk dəfə “Gender Günü”nün elan olunduğunu qeyd edib.

B. Muradova işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirildiyini bildirərək, qadınların yeni şəraitə uyğunlaşması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

BMT Qadınlar Təşkilatının icraçı direktorunun müavini Kirsi Madi Azərbaycanı COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib və COP30 çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib. O, Qadınların Statusu Komissiyasının 69-cu sessiyasının Pekin Bəyannaməsinin 30 illiyi ilə üst-üstə düşdüyünü qeyd edərək qadınların rifahının artırılması üçün 6+1 prioritetin müəyyən edildiyini vurğulayıb.

Gender bərabərliyinin və qadınların səlahiyyətlərinin gücləndirilməsinin təmin edilməsinin əhəmiyyətini qeyd edən BMT rəsmisi, Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək, səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.