Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb
Paylaş:
Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətindən danışıb, forumun rəngarəng və müxtəlif mövzuları əhatə edən tədbirlərlə yadda qaldığını bildirib. O qeyd edib ki, forum çərçivəsində insan yönümlü şəhərlərin yaradılması, şəhərsalma prosesində insan mərkəzli yanaşmanın təşviqi əsas istiqamətlərdən biri kimi ön plana çıxarılıb. Sessiyanı qadınların və həssas qrupların şəhər həyatında iştirak imkanlarının genişləndirilməsi, mövcud problemlərin müzakirəsi və həlli istiqamətində beynəlxalq dialoq üçün mühüm fürsət kimi qiymətləndirib.
Bahar Muradova, həmçinin təhlükəsiz və insan yönümlü şəhərlərin formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, yeni şəhərsalma və bərpa proseslərində müasir çağırışlar, inklüziv yanaşmalar və yeni imkanlar nəzərə alınır, insanların təhlükəsiz, əlçatan və rahat yaşayış mühitində yaşamaları əsas məqsədlərdən biri kimi müəyyən edilir.
Ailənin cəmiyyətin əsas nüvəsi olduğunu deyən Bahar Muradova, ailənin qorunmasına, rifahının gücləndirilməsinə yönələn layihələrin vacibliyindən danışıb. O qeyd edib ki, qadınların gücləndirilməsi, onların ictimai iştirakçılığının təmin olunması, iqtisadi və sosial müdafiəsinin möhkəmləndirilməsi bütövlükdə ailə institutunun dayanıqlılığına xidmət edir.
Səmimi qəbula görə təşəkkür edən Kaori İşikava Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin dayanıqlı şəhərsalma, inklüziv inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb.
Kaori İşikava qayğı iqtisadiyyatının əhəmiyyətindən danışaraq bildirib ki, bu sahənin inkişafı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması baxımından mühüm rol oynayır.
BMT rəsmisi qeyd edib ki, Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında qadınların səlahiyyətləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə yeni təşəbbüslərin irəli aparılması vacibdir.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi, qayğı iqtisadiyyatı və inklüziv şəhərsalma sahələrində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi