Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb
Paylaş:
25 dekabr 2025-ci il tarixində BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib.
Qonağı salamlayan Bahar Muradova Azərbaycanın BMT və onun qurumları ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın ölkədə sosial siyasətin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisiVladanka Andreeva isə Azərbaycandakı fəaliyyəti dövründə əldə etdiyi təcrübədən məmnunluq duyduğunu bildirib, bu illərin onun peşəkar və şəxsi həyatında dəyərli iz buraxdığını vurğulayıb. O, Azərbaycan tərəfi ilə qurulan tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
B.Muradova Komitənin gələcək dövrdə də BMT ilə əməkdaşlığa xüsusi önəm verəcəyini, birgə təşəbbüslərin davamlı olmasının prioritetlər sırasında yer aldığını bildirib. O, Vladanka Andreevanın Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı ötən illər ərzində BMT-nin Azərbaycan ofisi ilə Dövlət Komitəsi arasında formalaşmış uğurlu əməkdaşlıq modeli və bu əməkdaşlığın Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi