Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

24 dekabr 2025 12:49

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 24 dekabr 2025-ci il tarixində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib.  

Komitə sədri bildirib ki, din və dövlət münasibətlərinin balanslı şəkildə, konstitusion əsaslar üzərində qurulması cəmiyyətin sabitliyini, multikultural harmoniyanı və insan ləyaqətinə hörməti təmin edir.

Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olduğunu qeyd edən Bahar Muradova  bildirib ki, Konstitusiyada təsbit edilən dünyəvi dövlət modeli, dini etiqad azadlığının təmin olunması və dövlətin bütün dinlərə bərabər, ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir. Bu model bu gün regional və qlobal miqyasda maraqla öyrənilən və uğurlu nümunə kimi dəyərləndirilir.

B. Muradova vurğulayıb ki, Azərbaycan Din Xadimlərinin II Forumunun keçirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkədə dövlət–din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir. Ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır.

Komitə sədri əlavə edib ki, mənəvi gücün əsas dayaqlarından biri qadının iqtisadi cəhətdən gücləndirilməsidir və bu harmoniyanın formalaşmasında dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu xüsusi əhəmiyyət daşıyır.“Müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədirlər. Ailə və ictimai həyat arasında balansın qorunması, informasiya məkanında mənəvi təsirlər, sosial təzyiqlər və yanlış dini yozumlar bu çağırışların əsasını təşkil edir. Bu nöqtədə dini icmaların üzərinə böyük məsuliyyət düşür”, – deyə Bahar Muradova qeyd edib.

Azərbaycanda mövcud dəyərlər sisteminin qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim etdiyini vurğulayan Komitə sədri bildirib ki, multikulturalizm və dini dözümlülük bu dəyər sisteminin mühüm tərkib hissəsidi. Onun sözlərinə görə, həqiqətlərin düzgün izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Qadınların ailə və cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür və bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri bildirib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür: “Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır və bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır” – deyə o çıxışına əlavə edib.

Konfransın davamında dünyəvilik və vicdan azadlığı kimi konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.