Bahar Muradova Autizm Mərkəzinin fəaliyyəti ilə tanış olub
Paylaş:
Bahar Muradova Autizm Mərkəzinin fəaliyyəti ilə tanış olub
Ziyarət çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri mərkəzdə autizmli uşaqlar üçün yaradılmış şərait, həyata keçirilən təhsil, reabilitasiya və inkişaf proqramları ilə yaxından tanış olub, uşaqların sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına yönəlmiş təlim prosesini izləyib.
Mərkəzin rəhbəri Aytən Eynalova bildirib ki, Mərkəz Heydər Əliyev fondu tərəfindən tikilərək istifadəyə verilib. 10 ildir fəaliyyət göstərən Autizm Mərkəzinin yeni binası 2021-ci il dekabrın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Hazırda mərkəzlərdə 100-ə yaxın neyrofərqli şəxsə xidmət göstərilir, burada beynəlxalq təcrübəyə əsaslanan Tətbiqi Davranış Analizi (ABA Therapy) metodundan istifadə olunur. Eyni zamanda, yüzlərlə mütəxəssis və könüllü üçün təlimlər təşkil edilib, bir sıra yerli və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub.
Səfər çərçivəsində autizmli gənclərin sosiallaşmasına və məşğulluğuna dəstək məqsədilə fəaliyyət göstərən “Kaşalata” kafesi də ziyarət olunub. Qeyd edilib ki, kafenin inklüziv iş mühitində autizmli gənclər peşə və gündəlik həyat bacarıqlarına yiyələnir, əmək fəaliyyətinə cəlb olunaraq cəmiyyətə daha fəal inteqrasiya edirlər.
Bildirilib ki, Birliyin həyata keçirdiyi Dəstəkli Məşğulluq Modeli çərçivəsində indiyədək 19 neyrofərqli şəxs müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunub. Həmçinin, autizmli şəxslərin və ailə üzvlərinin iştirakı ilə fəaliyyət göstərən inklüziv atelyedə müxtəlif əl işləri və məhsullar hazırlanaraq satışa çıxarılır.
Bahar Muradova autizmli şəxslərin cəmiyyətə tamhüquqlu inteqrasiyasına xidmət edən bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, onların dəstəklənməsinin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi