Bahar Muradova “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüşüb
Paylaş:
İştirakçıları salamlayan Bahar Muradova, könüllülük fəaliyyətinin gənclərin bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu qeyd edib.
2021-ci ildən həyata keçirilən “Ailəm könüllüləri” proqramına diqqət çəkən Komitə sədri, Komitə könüllülərinin eyni zamanda könüllülər təşkilatının həyata keçirdiyi proqramlarda iştiraklarını və xüsusi fərqlənmələrini nailiyyət kimi qiymətləndirib. O, könüllülərin Komitənin faəliyyətində yaxından iştiraklarının peşə seçimləri zamanı mövqelərinin möhkəmlənməsinə də töhfə olacağını vurğulayıb.
Qeyd edilib ki, könüllülər həyata keçirdikləri fəaliyyət ilə ölkəmizdə baş verən həm milli, həm də beynəlxalq səviyyədə proseslərdə iştirak hüququ və təcrübə qazandılar.
Qoşulmama Hərəkatının Bakıda keçirilən yüksək səviyyəli konfransından bəhs edən Bahar Muradova, könüllülərin tədbirin fəaliyyətinə cəlb edilməsinin xüsusilə yaddaqalan olduğunu vurğulayıb.
B.Muradova könüllülük proqramındakı təcrübə əsasında gələcək fəaliyyətlərinin nəzəri tərəfləri ilə yanaşı, həm də təcrübə cəhətdən imkan yarandığını bildirib. “İnanıram ki, burada öyrəndikləriniz, seçdiyiniz peşə vasitəsilə, dövlətə, xalqa ayrı-ayrı insanlara, ehtiyacı olan şəxslərə xidmət üçün sizi öz əqidənizdə, mövqeyinizdə daha da möhkəmlənməyə imkan yaradacaq”.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, könüllülərin aktual mövzularda layihə təşəbbüsləri ilə çıxış etdiyini yüksək qiymətləndirib. A.Sofiyeva məzun könüllülərin bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib.
Daha sonra Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, proqram çərçivəsində könüllülərin fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, ötən ilin noyabr ayında Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı çərçivəsində növbəti könüllülük proqramına start verilib, müraciət edənlərdən 29 nəfər gənc müsahibə ilə seçilərək könüllü fəaliyyətə cəlb edilib. R. Mahmudov 3 ay davam edən proqram çərçivəsində könüllülərin Komitə tərəfindən təşkil edilən, eyni zamanda Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilən tədbirlərdə aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Tədbir zamanı müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan tələbələr çıxış edərək, fikirlərini bölüşüblər. Könüllülər ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Görüş müzakirələrlə davam edib və sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.