“Arzumuz var” təqaüd proqramı çərçivəsində tələbə adını qazanan qızlarla görüş keçirilib

17 sentyabr 2026 11:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bir ekosistemi ilə birgə həyata keçirdiyi “Arzumuz var” təqaüd proqramı çərçivəsində ali təhsil müəssisələrinə yeni qəbul olmuş tələbə qızlarla görüş keçirilib. 

Tədbirdə çıxış edən Bir ekosistemin rəsmi nümayəndəsi Fərid Hidayətzadə qızların təhsilinə sərmayə yatırmağın, gələcəyə qoyulan investisiya olduğunu bildirib: “Bizim üçün “Arzumuz var!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq”.

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva isə çıxışı zamanı qurumun tərəfdaşları ilə birgə 2021-ci ildən uğurla həyata keçirdiyi "Qızların təhsilinə dəstək" layihəsi barədə məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi yüksək potensiala malik qızların ali təhsilə əlçatanlığını təmin etməkdir. O, layihənin bir qolu olan “Arzumuz var” proqramı çərçivəsində tələbə adı qazanan qızlara təhsil həyatlarında davamlı uğurlar arzulayıb.

Görüş çərçivəsində ali məktəbə yeni qəbul olmuş tələbələr mükafatlandırılıb və sonda ailə fotosu çəkdirilib.

Qeyd edək ki, “Arzumuz var” proqramı 2024-cü ildən etibarən qızların təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə çıxışının dəstəklənməsi və onların gələcək inkişafına töhfə vermək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçı qızlar hazırlıq kursları ilə yanaşı, müxtəlif təlimlərə, fərdi inkişaf sessiyalarına cəlb olunurlar və real iş mühiti ilə tanışlıq imkanı qazanırlar.

Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə təhsilini uğurla davam etdirir.