“Arzumuz var” proqramı çərçivəsində görüş keçirilib
Paylaş:
2 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Arzumuz var” Təqaüd Proqramı çərçivəsində “Təhsilinlə gələcəyin öz əlindədir” mövzusunda onlayn görüş keçirilib. Görüşün məqsədi proqrama cəlb olunan abituriyent qızların özünəinamının artırılması, şəxsi və təhsil hədəflərinin müəyyənləşdirilməsinə dəstək göstərilməsi, həmçinin qəbul imtahanı ərəfəsində onların motivasiyasının gücləndirilməsi olub.
Tədbirdə Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək təhsilin gənc qızların həyatında həlledici rolundan danışıb. O, hər bir qızın potensialını reallaşdırması üçün ən güclü vasitənin təhsil olduğunu, gənc qızların özlərinə inanmalı, məqsədlərini aydın müəyyənləşdirməli və bu yolda qətiyyətlə irəliləməli olduqlarını deyib. C.Rəhmətullayeva çıxışında Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin uğurla davam etdirildiyini, 2021-ci ildən etibarən 294 gənc qızın layihədən faydalandığını vurğulayıb.
Aparat rəhbəri bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə layihə iştirakçıları üçün məzun gününün təşkili gənc qızlara göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. O, həmçinin qeyd edib ki, layihə çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”, “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı və “Arzumuz var” təqaüd proqramı uğurla icra olunur. C.Rəhmətullayeva, “Arzumuz var” proqramının “Kapital Bank”ın dəstəyi ilə regionlarda yaşayan abituriyentlərin universitetə hazırlıq prosesinə dəstək məqsədilə reallaşdırıldığını qeyd edib. O, bu il proqram çərçivəsində ali təhsil müəssisələrinə qəbul olan 5 nəfərin uğurunun başqa qızlar üçün motivasiya mənbəyi olduğunu və proqram iştirakçılarının regionlarda yaşayan qızların təhsilə cəlb edilməsinin təşviqinə, eləcə də erkən evliliklə mübarizəyə töhfə verə biləcəklərini bildirib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Sabina Talışinskaya proqramın önəmini qeyd edib, valideynlərin, xüsusilə də anaların qızlarına dəstəyinin vacibliyinə diqqət çəkib. Eyni zamanda Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, proqramın icrası ilə bağlı bir sıra göstəriciləri diqqətə çatdırıb.
Görüş abituriyent və tələbə qızların, eləcə də valideynlərin iştirakı ilə interaktiv fikir mübadiləsi formatında davam edib. Tədbirdə proqram çərçivəsində dəstək göstərilən gənc qızlar və onların valideynləri layihə haqqında fikirlərini səsləndirib, proqramın təşkilatçı və tərəfdaşlarına təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi