“Arzulara qanad verək” qan vermə aksiyası keçiriləcək

31 mart 2026 11:49

Paylaş:

17 aprel 2026-cı il tarixində “Ümumdünya Hemofiliya Günü” münasibətilə “Arzulara qanad verək” qan vermə aksiyası keçirləcək. Aksiya talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi bu nəcib təşəbbüsə qoşularaq ehtiyacı olanlara ümid olmağa dəvət edir.

Saat 10:00-dan 19:00-a qədər davam edəcək aksiyada iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilərlər.

Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra aksiyada iştirak edə biləcəklər.

Qan donoru ola bilməyən şəxslər:

1. Yaş və çəki meyarına uyğun olmayanlar

·         18 yaşdan aşağı və ya 65 yaşdan yuxarı şəxslər

·         Çəkisi 50 kq-dan az olanlar

2. Yoluxucu və xroniki xəstəlikləri olanlar

·         Hepatit B və C, HIV/AIDS, sifilis və digər qanla keçən xəstəliklər

·         Aktiv vərəm (tuberkulyoz)

·         Xərçəng xəstəliyi (bəzi hallarda sağalmış şəxslər də daxil)

·         Epilepsiya

·         Şəkərli diabet (xüsusilə insulinlə müalicə olunanlar)

3. Yaxın zamanda tibbi müdaxilə keçirmiş şəxslər

·         Böyük cərrahi əməliyyatlardan sonra (6–12 ay gözləmə tələb olunur)

·         Diş çəkilməsi və ya digər stomatoloji müdaxilələrdən sonra (təxminən 1 həftə)

·         Peyvəndlərdən sonra (xüsusilə canlı viruslu peyvəndlərdə 2–4 həftə)

4. Hamilə və yeni doğum etmiş qadınlar

·         Hamiləlik dövründə

·         Doğuşdan sonra ən az 6 ay ərzində

5. Ürək-damar və təzyiq problemləri olanlar

·         Yüksək və ya aşağı qan təzyiqi olanlar

·         Ürək xəstəlikləri olan şəxslər

6. Zərərli vərdişləri olanlar

·         Qan vermədən əvvəlki 24 saat ərzində spirtli içki qəbul edənlər

·         Narkotik maddə istifadə edən şəxslər