“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi
Paylaş:
14 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi.
Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan tədbirdə qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan, daha güclü əməkdaşlıq, bağlantılılıq, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişaf mövzusu üzrə sədrliyimiz sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətimizin mühüm tərkib hissəsidir.
Pekin Bəyannaməsinin qadınların cəmiyyətin bütün sahələrində tam və bərabər iştirakını inklüziv inkişafın əsas şərti kimi vurğuladığını qeyd edən B. Muradova bildirib ki, rəqəmsallaşma, iqlim dəyişikliyi və iqtisadi transformasiya kimi müasir çağırışlar yeni yanaşmalar tələb edir. Bugünkü müzakirələr də bu səbəbdən çox vacibdir.
“Qadınların rəqəmsal inkişafda, o cümlədən süni intellekt və innovasiyada iştirakının genişləndirilməsi dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir” - deyən Komitə sədri diqqətə çatdırıb ki, qadınların ətraf mühitin qorunmasında və iqlim fəaliyyətində liderliyi yalnız ekoloji dayanıqlığa deyil, həm də sosial-iqtisadi davamlılığa da töhfə verir.
O, tərəfdaşlarla həyata keçirilən maarifləndirmə proqramlarının qadınların ekoloji inkişafda və uyğunlaşma proseslərində iştirakını dəstəklədiyini vurğulayıb və bildirib ki, bu səylər icma səviyyəsində liderliyi gücləndirir və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir.
B. Muradova gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı illik hesabatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunduğunu, eyni zamanda Süni İntellekt Strategiyası, Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı kimi mühüm sənədləri diqqətə çatdıraraq, bildirib ki, bu sənədlər dövlət siyasətinin daha da gücləndiyini və rəqəmsal təhlükəsizliklə yanaşı, qadınların innovasiya və sahibkarlıqda iştirakına diqqətin artırıldığını nümayiş etdirir.
Regional və beynəlxalq platformalarda dialoq və təcrübə mübadiləsinin daha inklüziv siyasətlərin formalaşdırılmasına kömək etdiyini qeyd edən Komitə rəsmisi vurğulayıb ki, bu tədbirə ev sahibliyi etmək və təcrübəmizi bölüşmək imkanı bizim üçün yüksək qiymətləndirilir: “Qadınların gücləndirilməsi sahəsində real nəticələrin əldə olunması hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıqlar tələb edir. Bildirib ki,, Qadınlar Şurasının yaradılması əməkdaşlığın yeni mərhələsini göstərir. Bu gün keçirilən ilk görüşün ideyaların praktiki fəaliyyətə çevrilməsi baxımından vacibliyini qeyd edib: “Bu gün, biz aydın addımlar və praktik həllər üzərində razılığa gəlməliyik. İndi güclü fəaliyyət və praktik addımlar zamanıdır ki, müzakirələrimizi real nəticələrə çevirək” - deyə o çıxışını yekunlaşdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cəmiyyətdə əsas məsələlərin müzakirəsi, xüsusilə də qadın sahibkarlığının inkişafı baxımından belə tədbirlərin mühüm rol oynadığını qeyd edib.
Azərbaycanda qadınların daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin bir hissəsi olduğunu söyləyən L.Əliyeva bildirib ki, bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar: “Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir” - deyə o əlavə edib.
O diqqətə çatdırıb ki, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji layihələr, o cümlədən heyvanların mühafizəsi, ağacəkilməsi, hava çirkliliyi və tullantıların azaldılması istiqamətində müxtəlif kampaniyalar həyata keçirilir ki, bu proseslərə də minlərlə fəal qadının cəlb olunması onların təbiətə olan sevgisinin göstəricisi kimi dəyərləndirilir.
L. Əliyeva qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərinin fəal şəkildə dəstəkləndiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.
Çıxış edən AQEM-in Baş katibi Kayrat Sarıbay, qadınların gücləndirilməsinin əməkdaşlıq çərçivəsində milli icra proseslərinin ayrılmaz hissəsi olduğunu deyib. Bildirib ki, bu istiqamətdə qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi, qəbul olunmuş qərar və deklarasiyaların icrası, eləcə də dialoqun inkişafı mühüm əhəmiyyət daşıyır.
O, qadınların liderlik və qərarvermə proseslərində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayıb və Asiya regionunda qadınların səsinin iqtisadiyyat, siyasət və ictimai proseslərdə hələ də kifayət qədər tanınmadığını bildirib. S.Karıbay əlavə edib ki, region üzrə əmək bazarında gender fərqi təxminən 20% təşkil edir, Azərbaycanda isə bu göstərici 50%-dir və bu, müsbət təcrübə kimi qiymətləndirilir.
S.Karıbay, innovativ idarəetmə, sahibkarlıq, rəqəmsal təhlükəsizlik və iqtisadi idarəetmə sahələrində qadınların iştirakının artırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, gender bərabərliyi, qızların və qadınların hüquqlarının qorunması AQEM-in əsas strateji istiqamətlərindəndir.
AQEM sədri, qadınların yoxsulluğun azaldılması, su resurslarının qorunması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. S.Karıbay əlavə edib ki, qadın sahibkarlığının inkişafı və onların kiçik və orta biznesdə iştirakının artırılması iqtisadi gücləndirmənin əsas istiqamətlərindəndir.
O, AQEM Qadınlar Şurasının yaradılmasını mühüm institusional təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, Azərbaycanın sədrliyi çərçivəsində irəli sürülən bu təşəbbüs koordinasiya və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.
BMT Baş katibinin müavini, BMT Qadınlar qurumunun İcraçı direktoru Sima Sami Bahous tərəfindən videomüraciət dinlənilib. Qeyd edilib ki, qadınların liderliyi və iqtisadi gücləndirilməsi regionun dayanıqlı inkişafı və sabitliyi üçün əsas amildir. Qadınlar iqtisadiyyata böyük töhfə versələr də, hələ də aşağı maaşlı işlər, qeyri-rəsmi sektor və imkanların məhdudluğu kimi problemlərlə üzləşirlər. Onlar biznes sahibi olmaqda və qərarverici mövqelərdə kifayət qədər təmsil olunmurlar. Qadınların iqtisadi gücləndirilməsi isə onlara imkan, resurs və hüquqlar verərək bu problemlərin həllinə kömək edir və daha ədalətli iqtisadi mühit yaradır.
Daha sonra “Qadınların gücləndirilməsi: milli siyasətdən beynəlxalq təşəbbüslərə” adlı film nümayiş etdirilib.
Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil edilir. Eyni zamanda AQEM Qadınlar Şurasının ilk iclası baş tutacaq.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi