AQEM-də qadın sahibkarlığı və rəqəmsallaşma imkanları müzakirə olunub
Paylaş:
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın birinci paneli “KOB-larda qadın sahibkarlar: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” mövzusuna həsr olunub.
Panelə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin şöbə müdiri Nərmin Ahəngari moderatorluq edib. O, çıxışında qadınların iqtisadi fəallığının artırılmasının davamlı inkişaf üçün vacibliyini vurğulayıb və müzakirə üçün panelçilərə söz verib.
Panel müzakirələrində qadın sahibkarlığının inkişafı, KOB-ların rəqəmsal transformasiyası və süni intellektin bu sahədə yaratdığı yeni imkanlar barədə fikir mübadiləsi aparılıb.
Özbəkistan Respublikası Baş nazirinin müavini, Ailə və Qadınlar Komitəsinin sədri Zulayxo Mahkamova qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu, bu sahədə çoxsaylı proqram və strategiyaların icra olunduğunu bildirib. Özbəkistan rəsmisi rəqəmsallaşmanın biznes mühitində səmərəliliyi artırdığını, xüsusilə qadınların İT və süni intellekt sahəsində iştirakını genişləndirdiyini qeyd edib və reallaşdırılan layihələrdən söz açıb. Z.Mahkamova qadınların təhsili və iqtisadi müstəqilliyinin cəmiyyətin davamlı inkişafında əsas rol oynadığını bildirərək, bu istiqamətdə islahatların və beynəlxalq əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb. AQEM məkanında əməkdaşlığın gücləndirilməsinin və təcrübə mübadiləsinin qadınların ictimai həyatda iştirakını daha da genişləndirəcəyinə əminliyini ifadə edib.
Türkiyə təcrübəsini bölüşən ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş KOB-larda qadın sahibkarlığının, süni intellekt və rəqəmsallaşmanın qlobal iqtisadi transformasiyanın əsas istiqamətlərindən biri olduğunu bildirib. O, qadın sahibkarların məşğulluğun artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və cəmiyyətin gücləndirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında həlledici rola malik olduğunu diqqətə çatdırıb. M.Özdemir, süni intellektin KOB-lar üçün yeni imkanlar yaratdığını, lakin maliyyəyə çıxış, texnologiya və rəqəmsal bacarıqlar sahəsində bərabər imkanların təmin olunmamasının gender bərabərsizliyini dərinləşdirə biləcəyini vurğulayıb.
Xanım nazir, Türkiyədə qadınların rəqəmsal iqtisadiyyatda gücləndirilməsi istiqamətində kompleks siyasətin həyata keçirildiyini bildirib, qadınların rəqəmsal bacarıqlarının artırılması, e-ticarətə çıxışının genişləndirilməsi, STEM sahələrində iştirakının təşviqi və sahibkarlıq ekosistemində rolunun gücləndirilməsi üçün müxtəlif proqramların icra olunduğunu diqqətə çatdırıb. O, regional əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, qadın sahibkarlığının dəstəklənməsinin qlobal rifah üçün strateji investisiya olduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadınların cəmiyyətin və iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Bildirib ki, qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas şərtlərindən biridir və bu, yalnız gender bərabərliyi deyil, həm də strateji iqtisadi inkişaf məsələsidir. H.Hüseynova, Azərbaycanın təşəbbüsü ilə yaradılan AQEM Qadınlar Şurasının regionda qadın sahibkarlığının inkişafına töhfə verəcəyini deyib. O, həmçinin süni intellekt və rəqəmsallaşmanın qadın sahibkarlığı üçün yeni imkanlar yaratdığını vurğulayaraq, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Növbəti panelçi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında qadınların sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmlərinin əhəmiyyətindən danışıb. O, dövlət tərəfindən sahibkarlığın, xüsusilə qadın sahibkarlığının inkişafına geniş dəstək göstərildiyini qeyd edərək, regionlarda yaşayan qadınların KOB sektorunda təmsilçiliyinin artırılması, bazara çıxışının asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. O.Məmmədov, kiçik və orta biznes subyektlərinin rəqəmsallaşması istiqamətində həyata keçirilən layihələri vurğulayıb.
Pakistan İslam Respublikasının İnsan Hüquqları Nazirliyinin katibi Abdul Xaliq Şaiq çıxışında mövzunun əhəmiyyətini qeyd edərək, belə tədbirlərin müsbət təcrübələrin bölüşülməsi, qarşıda duran hədəflər, yeni çağırışlarla bağlı düşüncələrin paylaşılması üçün fürsət olduğunu bildirib. O qeyd edib ki, qadınların rəqəmsal bacarıqlarla təmin edilməsi, maliyyə inklüzivliyi və rəqəmsal iqtisadiyyata inteqrasiyası dayanıqlı məşğulluğun təmin olunmasında əsas rol oynayır. A.Şaiq rəqəmsallaşmanın, eləcə də süni intellekt texnologiyalarının yeni imkanlar yaratdığını, rəqəmsallaşma sahəsində gender bərabərliyinin təmin edilməsi istiqamətində tədbirlər görüldüyünü deyib.
Əfqanıstanın Qadın və Uşaqlar üzrə Araşdırma və Təbliğat Şəbəkəsinin icraçı direktoru Zarqa Yaftali, ölkəsində qadınların ciddi məhdudiyyətlər, hüquq pozuntuları və gender ayrı-seçkiliyi ilə üzləşdiyini, təxminən iki milyona yaxın qadının təhsil, səhiyyə və məşğulluq hüquqlarının məhdudlaşdırıldığını bildirib. O, buna baxmayaraq qadınların təhsil almaq və gələcəklərini dəyişmək istiqamətində səylərini davam etdirdiklərini qeyd edib. Z.Yaftali, qadınların texnologiyalara çıxışının artırılması, rəqəmsal bacarıqlarının inkişafı və təhsil imkanlarının genişləndirilməsi üçün tədbirlərin görüldüyünü, həmçinin kiçik qrantlar və rəqəmsal platformalar vasitəsilə onların iqtisadi fəallığının dəstəkləndiyini vurğulayıb. O, qadınların, eləcə də gənc nəslin təhlükəsizlik və sülh proseslərinə cəlb olunmasının vacibliyini qeyd edib.
Tacikistan Respublikası Hökuməti yanında Qadın və Ailə İşləri Komitəsi sədrinin müavini Zarina Abdulmainzoda, ölkəsində qadınların hüquqlarının genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, gender bərabərliyi üzrə çoxsaylı strategiya və proqramların həyata keçirildiyini qeyd edib. Z.Abdulmainzoda, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə dövlət proqramları, qrant və maliyyə alətlərinin tətbiq olunduğunu, nəticədə qadınların iqtisadi fəallığının və biznesdə iştirakının artdığını diqqətə çatdırıb.
Videomüraciətində Tayland təcrübəsindən danışan Krallığın Sosial İnkişaf və İnsan Təhlükəsizliyi Nazirliyinin Qadın işləri və ailə inkişafı departamentinin baş direktoru Jatuporn Rojanaparnix qadınların KOB-larda geniş təmsil olunduğunu, ümumi kiçik və orta biznes subyektlərinin fəaliyyətinin əhəmiyyətli hissəsini qadınların təşkil etdiyini bildirib. O, Taylandda qadınların iqtisadiyyatda rolunun gücləndirilməsinin süni intellekt və texnologiyaların tətbiqi ilə daha da dəstəkləndiyini diqqətə çatdırıb. O, AQEM Qadınlar Şurasının qadınların səlahiyyətləndirilməsi və təşəbbüskarlığının artırılması baxımından mühüm platforma olduğunu vurğulayıb, ölkəsinin bu istiqamətdə təcrübə mübadiləsinə və əməkdaşlığa hazır olduğunu bildirib. O, rəqəmsallaşma və süni intellekt strategiyalarının qadınlar üçün yeni imkanlar yaratdığını qeyd edərək, beynəlxalq təcrübə mübadiləsinin qadınların iqtisadi rolunun daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Panel interaktiv müzakirələrlə davam edib. Çıxışlarda xüsusilə süni intellekt texnologiyalarının qadın sahibkarlar üçün yeni bazarlara çıxış, məhsuldarlığın artırılması və innovativ həllərin tətbiqi baxımından yaratdığı imkanlar diqqət mərkəzində olub. Sonda qeyd olunub ki, qadınların rəqəmsal iqtisadiyyatda fəal iştirakı AQEM məkanında davamlı inkişafın təmin olunmasında mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi