Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və müharibə iştirakçılarının ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib.
Mərkəzlər, Rayon İcra Hakimiyyətləri, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tarixi Zəfərimizə, igid hərbçilərimizə və qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirlərdə çıxış edənlər tarixi qələbəmizdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində hərbçilərimizin misilsiz şücaətlərindən, işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin doğma yurdlarına qayıtmasından bəhs edib, şəhidlərimizin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Tədbirlərdə şagirdlər tərəfindən Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi