“Ailəm könüllüləri”nin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfəri təşkil olunub
Paylaş:
“Ailəm könüllüləri” İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.
Səfər çərçivəsində könüllülər Dövlət Komitəsinin tabeliyində olan Mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub, mərkəz mütəxəssisləri ilə real keyslər üzərində müzakirə aparıblar.
Daha sonra iştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə intellektual yarış keçirilib. Yarışda müxtəlif komandalar iştirak edib, nəticələrə əsasən qalib komanda müəyyənləşdirilərək mükafatlandırılıb.
Həmçinin, proqram çərçivəsində gənclər üçün Şahdağ Milli Parkına da səfər təşkil olunub. İştirakçılar milli parkın fəaliyyəti, təbiəti və burada qorunan ərazilər barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, "Ailəm könüllüləri" proqramı gənclərin sosial fəaliyyətlərə cəlb olunması, milli-mənəvi və ailə dəyərlərinin təbliği məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi