“Ailəm könüllüləri” sertifikatlar ilə təltif olunublar

2 iyul 2026 16:36

Paylaş:

Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər 30 iyun 2026-cı il tarixində sertifikatlarla təltif olunublar.
2026-cı ilin yanvar-iyun ayları ərzində “Ailəm könüllüləri” proqramına qoşulmaq məqsədilə Dövlət Komitəsinə ümumilikdə 142 gənc müraciət edib.
Keçirilən çoxmərhələli seçim prosesinin nəticəsi olaraq, yüksək potensiala malik olan 36 gənc proqrama üzv seçilmiş, onlardan könüllülük fəaliyyətini uğurla yekunlaşdıran 34 nəfər sertifikata layiq görülüb.
Altı ay ərzində könüllülərin fərdi və peşəkar inkişafının təmin edilməsi, habelə onların sosial aktivliyinin artırılması məqsədilə intensiv işlər görülüb. Belə ki, “Ailəm könüllüləri” 10 genişmiqyaslı təlimdə, həmçinin 34 müxtəlif dövlət tədbirində, sosial aksiyada, humanitar və beynəlxalq layihələrdə aktiv iştirak ediblər.
Keçirilən tədbirlər çərçivəsində öz intellektual biliklərini və komanda ilə iş bacarıqlarını nümayiş etdirən könüllülər qatıldıqları bir çox yerli və beynəlxalq miqyaslı tədbirlərdə, intellektual və idman müsabiqələrində yüksək nəticələr göstərərək mühüm uğurlar qazanmışdır.